Azərbaycanda dini ziyarətgahlara verilən nəzirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edəcək. Bu barədə məlumatı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov verib. Məmmədov bildirib ki, dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək. Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Belə ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək. Bu günə qədər bu məsələlərə nəzarət Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərində idi.