20 Yanvar 2022
Mətni dəyiş
Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə günü bildirib ki, Britaniya maska mandatları, evdən işləmək və peyvənd pasportları kimi COVID-19 məhdudiyyətlərini dayandırır.
Bu tədbirlər virusun yüksək yoluxdurucu omikron variantının yayılmasının qarşısını almaq üçün tətbiq edilib.
Conson virus səbəbiylə reanimasiyaya qəbul edilənlərin sayının azaldığını əsas gətirərək, "Avropanın bir çox ölkəsi qış mövsümündə bağlanmağı münasib bildi. Lakin bu hökumət fərqli bir yol tutdu" qanunvericilərə bildirib.
"Alimlərimiz inanırlar ki, qeyri-adi buster kampaniyasına görə omikron variantı zirvə nöqtəsinə çatıb" deyən Conson, məhdudiyyətlərin yoluxmaları da azaltdığını əlavə edib.
Bəzi alimlər bu addımla razılaşmır.
Vorvik Universitetinin virusoloqu Laurens Yanq "infeksiyanın həddən artıq yüksək səviyyədə olduğu bir vaxt tədbirləri aradan qaldırmaq risklidir" deyib.
"Bəlkə də evdən işləməyi və maskanı ləğv etməzdən əvvəl daha bir neçə həftə gözləmək daha düzgün olardı. İnfeksiya səviyyəsinin aşağı düşməyə davam edəcəyinə zəmanət yoxdur" - deyə, o əlavə edib.
Virusun 2020-ci ilin əvvəlində Çindən yayılımasından bəri Britaniyada 152 513 nəfər ölüb.
Conson hazırda ölkədə karantinin ən ağır dövründə qonaqlığa ev sahibliyi etmək də daxil olmaqla, öz partiyası tərəfindən siyasi böhranla üzləşir.
Bəziləri deyirlər ki, məhdudiyyətlərin yüngülləşdirilməsi Consonun onlarla razılaşmayan mühafizəkarlar arasında dəstəyini artırmaq cəhdidir.
Bütün bunlara baxmayaraq, Conson "Qışın bu son həftələrində hamımız ehtiyatlı olmalıyıq. Pandemiya bitməyib" - deyə, xəbərdarlıq edib.