25 Yanvar 2022
Mətni dəyiş
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan prezidenti İlham Əliyevi bu yaxınlarda qəbul edilmiş “Media haqqında” qanunu üzərində işlənilməsi üçün parlamentə qaytarmağa çağırıb.
Xanım Miyatoviç sözügedən qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.
Qanun insan hüquqları, ifadə azadlığı və media azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil.
“Media haqqında” qanun KİV sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, bu da azad, müstəqil, senzuraya məruz qalmayan mətbuat və plüralizm prinsiplərinə ziddir.
"Yeni qəbul edilmiş qanun ifadə azadlığı və KİV azadlığı sahəsində vəziyyəti daha da pisləşdirir. Bu qanun hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini həddindən artıq məhdudlaşdırmaq səlahiyyəti verir. O, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etmək imkanı verir", deyə Dunya Miyatoviç qeyd edib. Avropa Şurasının insan hüquqları üzrə komissarı qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayıb.