19 Yanvar 2022
Mətni dəyiş
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə Rusiyada saxlanılaraq, hadisədən təxminən il yarım sonra – 2020-ci ilin yanvarında Bakıya gətirilən iki nəfərin – Müşfiq Qurbanov və Yusif Sadıxovun məhkəməsi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin onlar haqqında çıxardığı hökm elan olunub.
Hakim Məhəmməd Bağırovun sədrliyilə çıxarılan hökmə əsasən, 15 maddə ilə təqsirləndirilən Yusif Sadıxov yalnız cinayəti bilib xəbər verməməkdə – Cinayət Məcəlləsinin 307.3 (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsilə təqsirli bilinib. Ona bu maddə ilə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.
Yusif Sadıxova 11 maddə, o cümlədən Elmar Vəliyev və mühafizəçisi olan polis Qasım Aşpazovu öldürməyə cəhd, dövlət xadiminin həyatına sui-qəsd, terrorçuluq, qanunsuz silahlı birləşmə yaratma və s. ittihamlar üzrə bəraət verilib.
Epilepsiya, ürək xəstəsi olan digər təqsirləndirilən Müşfiq Qurbanov həbsindən bir neçə ay sonra – 2020-ci ilin noyabrında Bakı İstintaq Təcridxanasında vəfat edib. O, məhkəmədə ifadəsində bildirib ki, icra başçısına qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərovu, ümumiyyətlə, Gəncə hadisələrilə bağlı həbs olunan heç kimi tanımır.
Yunis Səfərov özü də onun məhkəməsində şahid qismində dindirilərkən bildirib ki, o, Gəncədə Müşfiq adlı şəxsin evində kirayədə qalıb. Lakin həmin Müşfiq bu deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə onu zənn edərək, Moskvadan tutub gətiriblər.
Müşfiq Qurbanovun sözlərinə görə, o, 14 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkir. Anası Rusiyada işlədiyinə görə, özü də ailəsilə birlikdə onun köməyilə orada yaşayırdı.
Məhkəmə Müşfiq Qurbanova da 10 maddə ilə bəraət verib. Onu 5 maddə ilə təqsirli bilsə də, vəfat etdiyinə görə cəza təyin olunmayıb.
Yusif Sadıxov deputat Naqif Həmzəyevin Gəncədə orta məktəbdə sinif yoldaşı olub. Cinayət işinin materiallarında iddia olunur ki, Yunis Səfərov icra başçısı ilə yanaşı, Gəncənin deputatını da öldürmək istəyib. Bu məqsədlə Yusif Sadıxovdan onun ev ünvanını öyrənib.
Elmar Vəliyev və mühafizəçisini odlu silahla vurmaqda ittiham olunan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 9 nəfərin işi üzrə birinci instansiya məhkəməsində proses yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Yunis Səfərov ömürlük, digər 9 nəfər isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Bu işə hazırda apelyasiya instansiyasında baxılır.