21 Yanvar 2022
Mətni dəyiş
Müstəntiqlərin həmçinin Azərbaycanla əlaqəsi olan bir qrup amerikalı iş adamını araşdırdıqları deyilir.
Konqresmen Henri Kuelyarın Texasdakı evinə və seçkiqabağı kampaniya mərkəzinə Azərbaycan və bu ölkə ilə əlaqəsi olan bir qrup amerikalı iş adamı haqqında federal araşdırma çərçivəsində reyd keçirilib. Hüquq-mühafizə orqanlarının yüksəkçinli əməkdaşı cümə axşamı günü bildirib.
Bu barədə ilk məlumat ABC News tərəfindən yayımlanıb.
Şahidlər bildirirlər ki, çərşənbə günü bir qrup federal agentin Kuelyarın evindən əşyaları çıxardığını, digər bir qrup agenti isə onun seçkiqabağı kampaniya mərkəzinin ətrafında görüblər.
FTB Kuelyarın adını və istintaqın detallarını açıqlamasa da, çərşənbə günü araşdırma aparıldığını təsdiqləyib.
“FTB Laredonun Uindric Drayv və Esteyt Drayv rayonlarında məhkəmə tərəfindən sanksiyalaşdırılmış hüquq-mühafizə əməliyyatları həyata keçirib”, - büronun rəsmi sözçüsü Rozann Hyuzun bəyanatında deyilir. “FTB davam edən istintaq barədə əlavə şərh verə bilməz”.
Çərşənbə günü FTB axtarış əmrini icra etdikdə, Kuelyarın ofisi bəyanatla çıxış edərək bildirib ki, Konqresmen Kuelyar istənilən istintaqla tam əməkdaşlıq edəcək və ədalətin, qanunun təmin olunmasına vasitəçilik etməyə hazırdır.
Onun ofisi sözügedən istintaqla bağlı sorğuya dərhal cavab verməyib.
Eyni yüksəkçinli hüquq-mühafizə orqanı rəsmisi ali münsiflər heyətinin təhqiqatı haqda məlumatı təsdiqləyib, lakin sözügedən heyətin dəqiq məqsədi, nə vaxt və harada görüşəcəyi barədə heç bir detal verə bilməyib.
Kuelyarın ali münsiflər heyətinin hədəfində olub-olmadığı, yaxud onun cinayət ittihamı ilə istintaq altında olduğu bəlli deyil.
66 yaşlı Kuelyar hüquqşünas, keçmiş gömrük brokeri və Texas ştatının dövlət katibidir.
İlk dəfə 2004-cü ildə Nümayəndələr Palatasına seçilən Kuelyar nüfuzlu Təxsisatlar Komitəsinin üzvüdür və bu yaxınlarda Konqresdəki Azərbaycan fraksiyasının həmsədri olub.