Medianın İnkişafı Agentliyi (MEDİA) saytlara və qəzetlərə dəstək layihəsi çərçivəsində pul verdikləri media orqanlarının siyahısını yayıb.
Qurum bu barədə məlumat yayıb. Bildirilib, dəstək göstəriləcək saytlar müsabiqə əsasında seçilib. Ancaq müsabiqə şərtləri və forması barədə məlumat verilməyib. Dəstək göstəriləcək saytların da hansı üstünlüklərinə görə seçildikləri qeyd olunmayıb.
Agentliyin məlumatında deyilir ki, bütövlükdə 39 onlayn media subyekti müsabiqənin qalibi olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu saytlardır. Müsabiqənin qalibi olan veb-saytların hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
Qurumdan bildirilib ki, mətbuata dəstək çərçivəsində dəstək göstəriləcək qəzetlərin də dairəsi müəyyənləşib. 16 qəzetə dəstək göstəriləcək. Həftədə bir nömrəsi nəşr olunan qəzetlər aylıq 5 min manat, beş nömrəsi nəşr olunan qəzetlər isə 15 min manat pul alacaqlar.
Ümumilikdə, dövlət büdcəsindən 55 media orqanına 1.542.000 manat (1 milyon 542 min AZN) pul ayrılıb.
Müstəqil jurnalistlər və mətbuat orqanları dövlətin belə şirnikdirici addımlarını dəstəkləmirlər və adəti üzrə bu cür müsabiqələrdə iştirak etmirlər.