13 Yanvar 2022
Mətni dəyiş
“Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi.”
AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərəkən bir nəçə il bundan öncə ölkədə baş verənləri xatırladarkən deyib.
Dövlət başçısı vurğulayıb ki, “bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik.”
O əlavə edib ki, manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi:
“Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik.”
Prezident müsahibəsində qeyd edib ki, ölkənin valyuta ehtiyatı artıb:
“Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.”
Hazırda ölkənin valyuta ehtiyatının 50 milyard dollardan çox olduğu bildirilir.
2015-ci ildə Azərbaycanın milli valyutası olan manatın 2 dəfə devalvasiyası baş verib.
Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib.