İngiltərənin müdafiə naziri Ben Uolles Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün Ukraynaya yeni təhlükəsizlik sistemləri göndəriləcəyini bildirib. Uolles deyib ki, İngiltərə Ukrayna ordusuna tank əleyhinə müdafiə sistemləri göndərəcək. Onun sözlərinə görə, bu sistemlər strateji silahlar deyil, ona görə də Rusiya üçün hər hansısa bir təhdid yaratmırlar.
Bundan əlavə, parlamentdə çıxış edən müdafiə naziri Uolles bildirib ki, hazırkı böhranı müzakirə etmək üçün Rusiyanın müdafiə naziri Sergey Şoyqunu İngiltərəyə dəvət edib.
Dəvət məktubunda qeyd olunub ki, onlar ümumi maraq doğuran təhlükəsizlik məsələlərini müzakirə etməyə və xoşməramlı ruhda konstruktiv dialoq aparmağa hazırdırlar.
Dekabrın 30-da ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıq zamanı Bayden bildirib ki, Moskva Ukraynaya girərsə, bunun əvəzini ağır ödəyəcək.