2020-ci il noyabrın 27-də Bakının Nizami rayonunda özünü yaşadığı binanın 13 mərtəbəsindən ataraq intihar ediyi deyilən 8 yaşlı Fərəh Nadirovanın anası Bağıyeva Dilarə prezident İlham Əliyevə müraciət edib.
O müraciətində bildirib ki, qızının ölümü ilə bağlı Nizami Rayon Prokurorluğunda açılan istintaq işi obyektiv aparılmır.
Bağıyeva Dilarənin sözlərinə görə, prokuror Pərviz İbayev və müstəntiq Elvin Şahmirzəli işi araşdıran zaman səhlənkarlığa yol veriblər. Nəticədə 8 yaşlı uşağın qəsdən öldürülməsinə dair istintaq işi hələ də yekunlaşmayıb və yanlış maddə üzrə aparılır.
AbzasMedia-ya danışan Bağıyeva Dilarə deyir ki, artıq uzun müddət imiş ki, spirtli içki aludəçisi olan keçmiş həyat yoldaşı Vahid Nadirovun fiziki, psixoloji işgəncələrinə məruz qalırmışlar. O, bir neçə dəfə boşanmaq istəsə də, qarşı tərəf istəmədiyindən və buna müxtəlif yollarla imkan vermədiyindən boşana bilməyiblər. Sonuncu dəfə 2020-ci ilin 27 noyabrında yoldaşı yenə evdə gərginlik yaradıb, həm ona, həm də azyaşlı Fərəhə psixoloji işgəncələr göstərib. Bundan sonra isə o mətbəxdə olan zaman, qızı pəncərədən, yəni 13-cü mərtəbədən aşağı düşüb.
[caption id="attachment_113361" align="aligncenter" width="777"] Hadisəni görən Gülalıyeva Səyyarənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib verdiyi ilk məlumat[/caption]Ana deyir ki, bu iş üzrə araşdırma 125-ci maddə ilə başlasa da, o, bunun əleyhinə olub. Çünki azyaşlı qızının intihar edəcəyinə inanmayıb. Ancaq hətta sonradan 125-ci maddə ilə açılan işə də xitam verilib. Nizami Rayon Prokurorluğu işdə cinayət tərkibi görməyib. Daha sonra prokurorluğa müraciətindən sonra iş yenidən açılıb və bir müddət sonra cinayət tərkibinin olmaması əsas gətirilərək eyni qaydada rədd edilib.
[caption id="attachment_113362" align="aligncenter" width="803"] Digər şahidin ifadəsi[/caption]Sonuncu dəfə isə 2021-ci il iyulun 22-də Baş Prokurorluğa edilən müraciət əsasında cinayət işi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə yenidən açılıb və baxılması üçün ibtidai istintaqa göndərilib.
Bağıyeva Dilarə isə cinayət işinin 125-ci maddə ilə (Özünü öldürmə həddinə çatdırma) yox, 120-ci maddə ilə (Qəsdən adam öldürmə) açılmalı olduğunu deyir. Onun sözlərinə görə, qızı intihar etməyib, onu atası pəncərədən atıb.“8 yaşlıq uşaq qorxudan özünü 13-cü mərtəbədən ata bilməz, ancaq atsa belə, pəncərədə, pəncərənin ətrafında və pəncərənin aşağısında quraşdırılmış istilik cihazında əl izi qalar. Amma pəncərə ətrafında qızıma aid heç bir əl izi yoxdur. Necə olur ki, 8 yaşlı uşaq pəncərədən özünü atır, amma əl izi düşmür?”, - deyə Bağıyeva sual edib.
8 yaşlı Fərəhin anası deyir ki, araşdırmalardan aydın olur ki, intiharı təsdiq edən fakt yoxdur, amma qətli var.
[caption id="attachment_113363" align="aligncenter" width="799"] Hadisə yerindən görüntü[/caption]“Hadisəni görən şahid Gülalıyeva Səyyarə hadisə baş verən an Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib ki, azyaşlı uşaq “ata, ata” dedikdən sonra atası onu pəncərədən atıb. Ancaq Vahid Nadirovun adamları müstəntiq Elvin Şahmirzəli ilə danışır və razılaşırlar ki, bu işi təkcə zorakılıq faktı ilə aparıb yekunlaşdırsınlar. Buna görə də şahiddən zamanında və düzgün ifadə alınmır. Şahid isə ifadəsində Daxili İşlər Nazirliyinə zəng edən zaman dediyi fikilərlə ziddiyyət daşıyan fikirlər səsləndirib. Mən vəsatət qaldırıb DİN-ə müraciətinin mətnini aldıqdan sonra, bu ziddiyyət bir daha aşkar olundu. Bundan başqa, Vahid Nadirov bizə təzyiq göstərdikdən sonra hamam otağında özünə xəsarətlər yetirib və bədənindən qan açılıb. Evə baxış keçirilən zaman isə pəncərənin ətrafında ona aid qan aşkar edilib. Bütün bunlar göstərir ki, qız özünü atmayıb, onu atası atıb və cinayət işi 125-ci maddə ilə yox, 120-ci maddə ilə aparılmalıdır”, - deyə Bağıyeva Dilarə bildirib.
[caption id="attachment_113364" align="aligncenter" width="864"] Hadisə yerindən görüntü[/caption]Bağıyeva Dilarə deyir ki, bu iş üzrə araşdırmalar gedən zaman prokurorluq Vahid Nadirovun Cinayət Məcəlləsinin 133.1 (mütəmadi döymə, psixiki iztirablar, fiziki zorakılıq) maddəsi ilə mühakimə edilməsi üçün məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsi isə Vahid Nadirovu bu iş üzrə təqsirli bilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bağıyeva Dilarə bu iş üzrə düzgün araşdırma aparılması üçün Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciət edib və ondan kömək istəyib.