Yanvarın əvvəlindən Qazaxıstanda başlayan kütləvi aksiyalara Belarusun dünyada tam legitim hesab edilməyən prezidenti Aleksandır Lukaşenko də münasibət bildirib. Lukaşenko deyib ki, etirazçı qazaxlar iş işdən keçmədən hakimiyyətlə konstruktiv dialoqa getməlidirlər. "Qasım-Comart Tokayev danışıqlara hazır şəxsdir. Razılığa gəlmək mümkün olan normal insan, diplomatdır, çox ağıllı və təhsilli", - deyə Lukaşenko əlavə edib.
Lukaşenkonun sözlərinə görə, çevrilişdən sonra dövlətin bərpası irimiqyaslı resurslar tələb edir. O, etiraz iştirakçılarına səslənərək ictimai yaraları sarımaq üçün hərbçilərin qarşısında diz çökməyə və üzr istəməyə çağırıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin Qazaxıstana girməsi də sabitlik yaratmayıb.
Yanvarın 6-dan etibarən ölkədən informasiya çıxışının qarşısı alınsa da, son azsaylı məlumatlara görə, nə hökumət, nə də KTMT-nin hərbi kontingenti aksiyaların qarşısını tam ala bilməyib.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.
Ancaq başqa məlumatlara görə, həm paytaxt Almatıda, həm də ölkənin digər bölgələrində aksiyalar davam edir. Qazaxıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə yanvarın əvvəlində başlayan aksiyalarda 3 mindən çox insan saxlanılıb, 26 aksiyaçı öldürülüb, daha 18 nəfər yaralanıb.