26 Yanvar 2022
Mətni dəyiş
“Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin konvensional və konstitusion azadlıq hüququ dərhal tanınsın, ümumiyyətlə, böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan normalar dekriminallaşdırılsın, söz, fikir, rəy və ehtimallara görə təqiblər dayandırılsın”.
Bu açıqlama 5 ay azadlıqdan məhrum edilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Müdafiə Komitəsinin yaydığı bəyanatda əks olunub.
Müdafiə Komitəsi hesab edir ki, Əli Əliyevin ehtimallar üzərində qurduğu sözügedən nitqi söz və fikir azadlığına əsaslanır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu (Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir), Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu (Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir), Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (söz və fikir azadlığı) maddələrinə tam uyğundur.
Müdafiə Komitəsi partiya sədrinin saxta əsaslarla, qurama ittihamlarla cəmiyyətdən təcrid edilməsindən dərin narahat olduğunu qeyd edib:
“Bunu təkcə Əli Əliyevə qarşı deyil, fikir, söz, özünüifadəetmə azadlığına, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququna növbəti həmlə, müxalif mövqeyi ilə fərqlənən təsisatların, şəxslərin susdurulması cəhdi kimi dəyərləndiririk. Onsuz da ağır olan repressiv mühitin daha da dərinləşdiyini, siyasi ağırlıqlı cinayət təqiblərinin tam adi xarakter aldığını vurğulayırıq”.
2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi ağır xəsarətlər alaraq yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar VİP sədri Əli Əliyev “Osmanqızı TV” kanalında çıxış edib, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü önə çəkib, müəyyən fərz və ehtimallardan danışıb.
Bundan sonra qəza nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə əsasən Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət verib.
“Baxmayaraq ki, Əli Əliyev xüsusi ittihamçıların adını, soyadını mətn və nitqlərində hallandırmayıb, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymayıb, hadisənin baş vermə mexanizmi barədə subyektiv mülahizə yürüdüb”,-deyə bəyanatda qeyd edilib.
Müdafiə Komitəsi bildirir ki, xüsusi ittihamçıların və təqsirləndirilən şəxsin məhkəmə qarşısında bərabərliyi, müdafiə hüququ, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib, çəkişmə prinsipi kobud şəkildə pozulub:
“Müdafiəçi Cavad Cavadova iş materialları ilə tanış olmaq üçün cəmi 30 dəqiqə vaxt verilib, müdafiəni təşkil etmək əngəllənib, çıxış üçün 5 dəqiqə zaman ayrılıb. Əli Əliyevin səhhətinin pisləşməsinə, qan təzyiqinin kəskin qalxmasına baxmayaraq, tibbi xidmət göstərilməsinə və təqsirləndirilən şəxs kimi son söz belə söyləməsinə imkan verilməyib, proses tələsik yekunlaşdırılıb. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasının alternativ xarakterli olmasına, yüngül cəza növlərinin-cərimənin, ictimai işlərin, islah işlərinin təsbit edilməsinə baxmayaraq, daha ağır cəza- azadlıqdan məhrum etmə seçilib ki, bunun da hökumətin zirvəsinin siyasi sifarişi əsasında baş verdiyinə şübhə yoxdur”.
Müdafiə Komitəsi göstərir ki, VİP sədri Əli Əliyev son dövrlər hakimiyyətin yürütdüyü siyasəti sərt tənqid edən partiya sədri kimi diqqət cəlb edirdi:
“Şəksizdir ki, Əli Əliyevin daha əvvəl Baş Prokurorluğa dəvət edilərək əsassız xəbərdarlığa məruz qalması, bu, nəticə vermədikdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən jurnalist Elçin Rəhimzadə ilə birlikdə saxlanılıb, bir neçə saat dindirilməsi onun fikir və siyasi əqidəsindən dönməyə məcbur edilməsi məqsədi güdüb”.
Müdafiə Komitəsi Azərbaycan ictimaiyyətini Əli Əliyevin hüquqlarını fəal şəkildə müdafiə etməyə səsləyir, onun ətrafında cərəyan edən qanunazidd proseslərə laqeyd qalmamağa dəvət edir, həbsə dair siyasi sifariş verən hökuməti ən geci apelyasiya baxışında əsassız və qeyri-hüquqi təqibi aradan qaldırmağa dəvət edir.
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub. Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.
Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.