5 Yanvar 2022
Mətni dəyiş
NATO-nun baş katibi Yens Stoltenberq müttəfiq səfirlərin və Rusiya rəsmilərinin xüsusi görüşünün gələn həftə keçiriləcəyini bəyan edib.
O bildirib ki, NATO nazirləri və Rusiya nümayəndələri yanvarın 12-də Ukraynaya görə açıq münaqişənin önlənməsi məqsədilə dialoq keçirəcəklər.
Rusiyanın Ukrayna yaxınlığında çox sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməsindən narahat olan hərbi alyans ötən oktyabrdan bəri NATO-Rusiya Şurasının keçirilməsinə çalışırdı.
Həmin vaxtdan bəri casus qalmaqalına görə bu şuranın heç bir iclası keçirilməyib.
Əldə edilmiş razılaşmaya görə görüş 2002-ci ildən bəri dialoq üçün istifadə olunan şura formatında Brüsseldə keçiriləcək.
Bundan əvvəl yanvarın 12-də ABŞ və Rusiya rəsmiləri Cenevrədə təhlükəsizliyə dair danışıqlar keçirəcəklər.
Avropa İttifaqının xarici işlər komissarı Cozep Borrel yanvarın 4-də Ukraynaya dəstək nümayiş etdirmək üçün Kiyevə ikigünlük səfərə başlayıb.
Bəyanatda deyilir ki, gələn həftə keçiriləcək danışıqlara hazırlıq üçün NATO xarici işlər nazirləri yanvarın 7-də Yens Stoltenberqin sədrliyi ilə videokonfrans keçirməyi planlaşdırırlar.
Moskva NATO-dan alyansın şərqə doğru genişlənməyəcəyinə, habelə Ukrayna və Gürcüstanı öz sıralarına qəbul etməyəcəyinə dair qarantiyalar tələb edir.
Moskva habelə Ukraynaya müdaxiləyə hazırlaşdığına dair iddiaları rədd edir və Kiyevi ölkənin şərqində qoşun cəmləşdirməkdə günahlandırır.
NATO-nun rəsmi nümayəndəsi yanvarın 12-də keçiriləcək görüş barəsində deyib:
"Rusiya ilə hər hansı dialoq qarşılqılı əsasda, NATO-nun Rusiyanın hərəkətlərindən narahatlığına cavab verəcək bir şəkildə, habelə NATO-nun Avropa müttəfiqləri ilə məsləhətləşmələri şərtilə keçirilməlidir”.
Rusiya Xarici İşlər Nazirlyinin sözçüsü Mariya Zaxarova Rusiya nümayəndə heyətinin NATO-Rusiya Şurasının Brüsseldə keçiriləcək görüşündə iştirak edəcəyini təsdiq edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və digər Rusiya rəsmiləri Cenevrədə ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşdən sonra Brüssel danışıqlarına qatılacaqlar.
Yanvarın 13-də danışıqlar Vyanada mənzillənən ATƏT-in daha geniş formatında davam etdiriləcək.
ABŞ və onun müttəfiqləri, Rusiya, Ukrayna, habelə keçmiş sovet respublikaları bu təşkilata üzvdürlər.
Avropa İttifaqının xarici işlər komissarı Cozep Borrel deyib ki, Rusiya Avropa təhlükəsizliyini müzakirə etmək istəyirsə, Avropa İttifaqı bu müzakirələrdən kənarda qala bilməz.
Borrelin sözçüsü deyib ki, Avropa İttifaqı Ukraynaya özünün “strateji partnyoru” kimi baxır.