18 Yanvar 2022
Mətni dəyiş
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkədə etirazlar başlayandan bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Elbaşı bildirib ki, bütün bu müddət ərzində "o, Qazaxıstanın paytaxtında istirahətdə olub və heç bir yerə getməyib".
Nazarbayev iki dildə, qazax və rus dillərində videomüraciət edib. Çıxışın mətni onun rəsmi saytında dərc olunub.
"Yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı. Qazaxıstana qarşı təşkil edilən bu mütəşəkkil iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi", - Nazarbayev bildirib.
O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Nazarbayev bəyan edib ki, mediada yazılanların əksinə olaraq, elita arasında heç bir münaqişə və ya qarşıdurma yoxdur. "Bu mövzuda şayiələr tamamilə əsassızdır", - Qazaxıstanın birinci prezidenti söyləyib.
Elbaşı qazaxıstanlıları prezident Tokayevin irəli sürdüyü “xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı”nı dəstəkləməyə çağırıb.
Etirazlar başlayandan bəri Qazaxıstanın birinci prezidenti bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb. Onun harada olması və səhhəti ilə bağlı müxtəlif şayiələr yayılıb.