6 Yanvar 2022
Mətni dəyiş
Katolik Kilsəsinin lideri Papa Fransisk uşaq sahibi olmaq əvəzinə ev heyvanı saxlayanları “bir növ eqoizm”də ittiham edib.
Hər çərşənbə günü Vatikanın plenar qəbul mərasimində çıxış edən Papa Fransisk deyib ki, valideyn olmaqdan imtina etmək “bizi alçaldır və insanlıqdan çıxarır”.
“Atalıq və analığın gətirdiyi zənginlik itirildiyi üçün sivilizasiyalar belə qocalır və insanlıqdan arınır”, deyə dünya üzrə 1,3 milyard katolikin ruhani lideri Papa bildirib.
“İnsanlar uşaq sahibi olmaq istəmir və ya sadəcə bir uşaq sahibi olmaq istəyirlər” deyən Papa bunu “bir növ eqoizm” kimi xarakterizə edib və davam edib:
"Bir çox cütlük uşaq sahibi olmaq istəmir, ya da yalnız bir övladı olur, amma iki it və iki pişik saxlayırlar. Uşaqları itlər və pişiklər əvəz edir".
Papa həmçinin uşaq sahibi olmaq istəyən, lakin bioloji səbəblərdən bundan məhrum olanlara övladlıq götürməyi tövsiyə edib. "Bəli, uşaq sahibi olmaq riskdir, istər təbii, istərsə də övladlığa götürmə yolu ilə bu risk həmişə var. Amma uşaq sahibi olmamaq daha böyük riskdir", o əlavə edib.
Papa Fransisk daha əvvəl evli cütlüklərin uşaq sahibi ola bilməməsini “faciə” kimi qiymətləndirmiş və doğum nisbətlərinin azalmasının “demoqrafik qışa” səbəb olduğunu bildirmişdi. O, keçən həftəki çıxışında demoqrafik tənəzzülün “ailələr, vətənlər və gələcək üçün” təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Papa ilk dəfə deyil ki, uşaqların ev heyvanları ilə əvəz olunmasından şikayətlənir. O, 2014-cü ildə İtaliyanın "Il Messaggero" qəzetinə verdiyi açıqlamada bunu "mədəni korrupsiya" kimi qiymətləndirmişdi.