ABŞ-ın Rusiyaya qarşı yeni, ölkə rəhbərliyindəki şəxslərə də məhdudiyyətlərin tətbiqini nəzərdə tutan sanksiyaları ölkələr arasında əlaqələrin kəsilməsinə səbəb ola bilər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar günü CNN kanalına müsahibəsində söyləyib.
“Potensial sanksiyalar ölkələrimiz arasındakı əlaqələrin kəsilməsinə səbəb ola bilər, bu da nə Moskvanın, nə Vaşinqtonun maraqlarına cavab verir”, - Peskov bildirib. O əlavə edib ki, ABŞ tərəfindən belə bir addımın atılması “böyük səhv” olardı.
Peskov rəsmi Vaşiqtonun nümayəndələrinə belə bir sual ünvanlayıb: "Onlar hansısa problemin həllində sanksiyaların kömək etdiyini xatırlayırlarmı?"
Hakim Demokratlar Partiyasından olan senatorların təqdim etdiyi qanun layihəsində Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi halda, Rusiya iqtisadiyyatının əsas sahələrinə, dövlət borcuna və dövlətin birinci şəxslərinə qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulur.