17 Yanvar 2022
Mətni dəyiş
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sosial mediada yayılan – gözlərinin ətrafı qançır olan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gələn prokurorluq öz qərarında polislərin izahatlarına istinad edib.
Prokurorluqda izahatları alının polislər iddia ediblər ki, Tofiq Yaqublu dekabrın 1-də Fəvvarələr Meydanında saxlanılanda, Post-Patrul maşınında aparılanda və 39-cu bölmədə özü-özünə xəsarət yetirib. Meydan TV bu cür izahat verən polislərin adlarını, soyadlarını və atalarının adlarını müəyyənləşdirib.
Onlardan biri Səbail Rayon Polis İdarəsinin Post-Patrul bölüyünün serjantı Ürfan Rza oğlu Məmmədovdur. O iddia edir ki, Tofiq Yaqublu şüar səsləndirib, karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyini nəzərinə çatdırsalar da, əhəmiyyət verməyib:
“Qanuna uyğun tədbir görülməsi məqsədilə bölməyə təhvil vermək üçün qollarından tutub maşına aparanda Tofiq Yaqublu mane olmağa çalışırdı. Bilərəkdən özünü yerə, üzünü avtopatrulun qapısına çırpırdı…”
Nəsimi Rayon Polis İdarəsinin Polst-Patrul bölüyünün serjantı Elnur Asim oğlu Əmirov isə deyib ki, Tofiq Yaqublu avtopatrula minməmişdən öncə, minərkən və minəndən sonra da sakit dayanmayıb, ucadan qışqırıb, siyasiyönümlü şüarlar səsləndirib. Üzünü avtopatrulun müxtəlif hissələrinə vurub, özünə xəsarətlər yetirməyə çalışıb:
“Bölməyə təhvil verəndə də onun özünə xəsarət yetirməyə meylli olması barədə məlumat verdim”.
39-cu polis bölməsinin baş əməliyyat müvəkkili Ramil Qabil oğlu Mehtiyev də bənzər məzmunlu ifadə verib.
39-cu bölmədə məsul növbətçi vəzifəsində xidmət edən Fərid Həmzə oğlu Ələkbərov iddia edir ki, Tofiq Yaqublu bölməyə daxil olarkən əsassız gətirildiyini bildirərək, ilk andan özünü dəhlizdə divarlara çırpıb. Əli ilə zərbələr vurmaqla, özünə xəsarətlər yetirməyə cəhd göstərib.
39-cu polis bölməsinin sahə inspektoru Cavidan Vidadi oğlu Hüseynov:
“Tofiq Yaqublu ilə söhbət edərkən o, qəfildən yumruqla bir neçə dəfə özünün üz nahiyəsinə xəsarət yetirdi. Onunla profilaktik söhbət apardıq. O, karantin rejimini pozması haqda iradları qəbul etmədi. Saat 17.45-də sərbəst buraxıldı”.
Hadisə vaxtı 39-cu bölmənin rəisi vəzifəsini icra edən Xəyal Rasim oğlu Kazımov:
“Tofiq Yaqublu bölməyə daxil olarkən aqressiv davranışlarını davam etdirib. Bölməyə əsassız gətirildiyini bildirərək, özünə xəsarət yetirməyə cəhd göstərib. Bu barədə mənə növbətçi hissədən məlumat verilib. Maraqlananda Nəsimi Rayon Post-Patrul bölüyünün əməkdaşları Asim Kərimov və Elnur Əmirov bildirdi ki, avtopatrulda da bir neçə dəfə özünə xəsarət yetirməyə cəhd göstərib, bəzən də buna nail olub. Tofiq Yaqublu polis bölməsinə daxil olarkən və 17.45-də oradan gedərkən üzündə gözlə görünən heç bir xəsarət izi olmayıb. Əksinə, bölməni tərk edəndə onu əsassız saxladıqlarına görə onları cavab verəcəklərilə hədələyib”.
Tofiq Yaqublu isə polislərin yalan danışdığını, ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, hətta şüar səsləndirmədiyini, Fəvvarələr meydanında dayandığı yerdə aparıldığını təsdiqləyən görüntülər var. Bunları da prokurorluğa təqdim ediblər:
“Qarşı tərəf də yalan danışmırsa, böhtan atmırsa, kamera görüntülərini ortaya qoysun. Polis bölməsindənin dəhlizlərində özümü divara çırpdığımı, başımı avtopatrulun qapısına vurduğumu, küçədə yerə yıxdığımı sübut eləsinlər, mən də susum. Yazıblar ki, texniki səbəbdən həmin gün kameralar işləməyib. Bölmədəki kameralar işləmədi, təhlükəsiz şəhər kameraları işləmədi… Bu qədər yalanı, bu qədər böhtanı, bu qədər şərəfsizliyi özlərinə necə sığışdırırlar?”
Tofiq Yaqublu əlavə edib ki, onun ədalətli araşdırma gözləntisi yox idi. Bu baxımdan qərarda yazılanlar da, polislərin izahatlarında yazılanlar da gözlənilməz olmayıb. Siyasi fəal qərarın ləğvi üçün məhkəməyə müraciət edəcək: “İlham Əliyevin məhkəmələrindən də ədalət gözləntim yoxdur. Sadəcə, Avropa Məhkəməsinə gedib çıxmaq üçün yerli məhkəmələri keçmək lazımdır”.
Tofiq Yaqublu dekabrın 1-də həbsdə aclıq edən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə Bakıda keçirilən etiraz aksiyası zamanı Fəvvarələr Meydanında polislər tərəfindən saxlanılıb. Axşam saat 19 radələrində o, Qaradağ rayonu, Ələt qəsəbəsində tapılıb. Onun üzündə, xüsusən gözlərinin ətrafında, baş nahiyəsində, bədəninin müxtəlif hissələrində gözlə görünən xəsarət izləri olub. Tofiq Yaqublu bildirib ki, onu polislər işgəncə ilə həmin vəziyyətə salıb, gətirib orada atıb gediblər.
Siyasi fəalın vəkili dekabrın 2-də prokurorluğa şikayət edib. Dekabrın 3-də isə o, müdafiəçisi ilə birlikdə Səbail rayon prokurorluğunda dindirilib, hadisə yerinə baxış keçirilib. Tofiq Yaqublu prokurorluğun qərarıyla ekspertizadan da keçirilib.
Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.
Hadisədən təxminən iki həftə sonra “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbərliyinin Daxili İşlər naziri Vilayət Eyvazovla görüşündə də bu məsələ müzakirə olunub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, nazir Tofiq Yaqublunun polislər tərəfindən o duruma salınmasını istisna edib:
“Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.