Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin Qazaxıstana girməsi də sabitlik yaratmayıb.
Yanvarın 6-dan etibarən ölkədən informasiya çıxışının qarşısı alınsa da, son azsaylı məlumatlara görə, nə hökumət, nə də KTMT-nin hərbi kontingenti aksiyaların qarşısını tam ala bilməyib.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.
Ancaq başqa məlumatlara görə, həm paytaxt Almatıda, həm də ölkənin digər bölgələrində aksiyalar davam edir. Qazaxıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə yanvarın əvvəlində başlayan aksiyalarda 3 mindən çox insan saxlanılıb, 26 aksiyaçı öldürülüb, daha 18 nəfər yaralanıb.
KTMT-nin baş katibi Stanislav Zas mətbuata açıqlamasında bildirib ki, hərbi kontingent Qazaxıstandakı fəaliyyətini hələ bir müddət davam etdirəcək və hərbi kontingentə komandir təyin olunacaq.
“Mən hələlik hadisələri qabaqlamaq istəmirəm, çünki qərar hələ rəsmiləşdirilməyib. KTMT-nin Müdafiə Nazirləri Şurası kollektiv sülhməramlı qüvvələrin komandirinin təyinatı ilə bağlı qərar verəcək. Artıq namizəd var, amma hələ təsdiqlənməyib, ona görə də onun adını açıqlamaq istəmirəm. Qərar daha sonra mediada dərc olunacaq”, - deyə Zas bildirib.