Qazaxıstan prezidenti etirazçıların bütün qanuni tələblərinin nəzərə alınacağını deyir

Qazaxıstan prezidenti etirazçıların bütün qanuni tələblərinin nəzərə alınacağını deyir
5 Yanvar 2022
Mətni dəyiş

“Gənclərə müraciət edirəm: öz həyatınızı korlamayın, yaxınlarınızın həyatını bərbad etməyin. Bütün qanuni xahişlər və tələblər bizim tərəfimizdən nəzərə alınacaq, müvafiq addımlar atılacaq”. 

"Lenta.ru" xəbər verir ki, bu fikirlər Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin etirazçılara ünvanladğı müraciətdə yer alıb.

Dövlət başçısı bildirib ki, etirazlara səbəb olan məsələlərlə bağlı çərşənbə günü işgüzar müşavirə keçiriləcək. “İndi sizin rifahınız və ölkəmizin müasir dünyadakı yeri masanın üzərindədir”, - deyə Tokayev söyləyib.

“Mülki və hərbi idarələrin xidməti binalarına hücum barədə çağırışlar tamamilə qeyri-qanunidir. Bu cinayətlərə görə cəzalandırıla bilərsiniz. Hakimiyyət çökməyəcək, amma bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır” – Prezident çıxışında qeyd edib.

Yeni ilin ilk günlərində Qazaxstanın Manqistanausk əyalətinin (ölkənin qərbində əsas neft sənayesi bölgəsi) Aktau və Janaozen şəhərlərinin sakinləri mitinqlər başladıb. Onlar qaz qiymətlərinin ikiqat bahalaşmasına etiraz ediblər. Sonrakı günlər etiraz dalğası ölkənin bir çox əyalət və şəhərlərinə yayılıb.

Prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib, əhalini ictimai asayişi pozmamağa çağırıb və situasiyanı nəzarət altına almaq üçün hökumət komissiyası yaratmağı tapşırıb. Həmçinin yanvarın 5-i gecə saatlarında ölkə Prezidenti Manqistanausk əyalətində və Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edib. Alma-Ata şəhərinin giriş və çıxışlarının bağlandığı, həmçinin ölkədə sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyətlər qoyulduğu bildirilir.

Hazırda ölkənin bütün şəhərlərində kütləvi nümayişlər, mitinqlər keçirilir, etirazçılar bəzi şəhərlərdə hökumət binalarını ələ keçirib.

Məlumata görə, yüzlərlə etirazçı polis tərəfindən saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun