7 Yanvar 2022
Mətni dəyiş
Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası tərkibində öz hərbi qulluqçularının Qazaxıstana göndərilməsi barədə qərarı təsdiq edib.
Millət vəkillərinin qəbul etdiyi qərar əsasında Qazaxıstana 150 qırğız hərbi qulluqçu, eləcə də 19 avtomobil və zirehli texnika göndəriləcək.
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin sözlərinə görə, ölkəsinin hərbçiləri Qazaxıstanda aksiyanın dağıdılmasında deyil, strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsi ilə məşğul olacaqlar.
Qırğızıstan qanunvericiliyinə əsasən, respublika hərbçilərinin sərhəddən kənara göndərilməsi məsələsi parlament tərəfindən baxılır. Bundan sonra dövlət başçısı millət vəkillərinin qərarını imzalamalıdır.
Bununla yanaşı, Tacikistan parlamenti də öz hərbçilərinin KTMT sülhməramlıları tərkibində Qazaxıstana göndərilməsini təsdiqləyib. Ölkənin Müdafiə Nazirliyi daha əvvəl Qazaxıstana 200 hərbçi göndərməyə hazır olduğunu bəyan etmişdi.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.