5 Yanvar 2022
Mətni dəyiş
Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin sədri Rəsul Cəfərov yanvarın 4-də Baş Prokurorluğun İstintaq İdarəsində olub. "Görüş zamanı təşkilat tərəfindən iş üzrə hazırlanan və özündə bir sıra təklifləri əks etdirən arayış və ona əlavə sənədlər təqdim edilib, istintaqın tam, hərtərəfli və obyektiv aparılacağına ümidvarlıq ifadə olunub", deyə BİHK-nin məlumatında bildirilir.
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin 18.12.2021-ci il tarixli birgə məlumatına əsasən, "Tərtər işi" üzrə istintaq təzələnib və araşdırmaların aparılması üçün yeni İstintaq Qrupu yaradılıb. Bu məlumat yayılan gün BİHK rəsmi qaydada Baş Prokurorluğa ərizə ilə müraciət edərək istintaqa yardım etmək təklifini irəli sürüb.
R.Cəfərovun sözlərinə görə, əvvəlki istintaq şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının kobud şəkildə pozulması, onlara qarşı işgəncə tətbiq edilməsi ilə müşaiyət olunub.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluq ittihamı ilə bir qrup hərbi qulluqçu və mülki şəxsin saxlanıldığı barədə məlumat yayıb.
Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, istintaq zamanı ən az 11 nəfər şübhəli bilinən şəxs işgəncələr nəticəsində öldürülüb. Sonradan ölənlərin 4-nə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.
Bu ilin iyununda 24 AŞPA üzvü "Tərtər işi" kontekstində Azərbaycanda işgəncələrin araşdırılması və bu məqsədlə assambleyanın məruzəçisinin təyin edilməsi təşəbbüsü ilə çıxış edib.
1551 saylı müvafiq sənəd iyunun 25-də AŞPA-nın saytında dərc edilib. Araşdırmanın təşəbbüskarı İtaliyalı senator Roberta Rampi olub.
Sənəd müəllifləri araşdırma aparılması zərurətini "Tərtər işi"ndə 200-dən çox hərbi qulluqçunun qurbanı olduğu, onlardan 11 nəfərin öldüyü genişmiqyaslı işgəncə faktları ilə əlaqələndiriblər.
25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumat əsasında dövlətə xəyanət ittihamı ilə mühakimə olunub və 7 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.