Sosial şəbəkədəki paylaşımına görə vətəndaşa 1 aylıq həbs cəzası verilib

Sosial şəbəkədəki paylaşımına görə vətəndaşa 1 aylıq həbs cəzası verilib
24 Yanvar 2022
Mətni dəyiş

Azərbaycanda növbəti dəfə sosial media istifadəçiləri yazdıqları fikirlərə görə hüquq-mühafizə orqanlarına aparılıb, bir nəfər həbs edilib, bir neçə nəfərə şifahi xəbərdarlıq edilib, bir media orqanının cəzalandırılması üçün isə məhkəməyə müraciət edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. 

Rəsmi məlumata görə, Əliyev Namiq Səməd oğlu qanunla yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Açıqlamada bildirilir ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Media orqanının cəzalandırılması üçün məhkəməyə müraciət olunub

Prokurorluğun açıqlamasında deyilir ki, Namiq Əliyevin şərhi media orqanının sosial media səhifəsindən silinmədiyi üçün “Yeniavaz.az” saytının sahibi olan “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci maddəsi ilə icraat başlanaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib

Prokurorluqdan həmçinin bildirilib ki, sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi: izahı internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi.

İXM-nin 388-1.1.2-ci maddəsi: İnternet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun