Taliban Əfqanıstanda qruplaşmaya qarşı dirəniş göstərən, Pəncşir vilayətində toplaşan müxaliflərinin liderləri ilə görüşüb.
Bu barədə məlumatı Taliban rejiminin sözçüsü Zabilhullah Mücahid verib. O bildirib ki, görüş İranın paytaxtı Tehranda baş tutub.
Görüşdə Taliban tərəfdən xarici işlər naziri Əmir Xan Mutakki, dirənişlçilər tərəfdən isə Əhməd Məsud və İsmayıl Xan iştirak edib.
Mutakki dirənişçilərin hər iki liderinə bildirib ki, Əfqanıstana qayıdacaqları təqdirdə onların heç birinin həyatı təhlükədə olmayacaq. İsmayıl Xan və Əhməd Məsud isə tələb ediblər ki, Əfqanıstanda hər kəsi əhatə edən geniş bir hakimiyyət qurulmalıdır.
Digər tərəfdən isə Əfqanıstanın Çindəki səfiri Cavid Əhməd fəaliyyətini dayandırdığını bildirib. O qeyd edib ki, səfirliyin açarlarını Pekin rəsmilərinə təqdim edib. Səfirliyə baxış keçirilən zaman isə aydın olub ki, səfirlik işçiləri 2 aydır maaş almırlar.
Cavid Əhməd Talibandan əvvəl Əfqanıstanda hakimiyyətdə olan Əşrəf Qani hökuməti tərəfindən Çinə səfir təyin edilmişdi.