Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban silahlıları 3 ton spirtli içkini Kabil çayına tökdüklərini açıqlayıblar.
Bu barədə Talibanın Kəşfiyyat Nazirliyi (GDI) açıqlama yayıb. Bildirilib ki, Kabil çayına tökülən spirtli içkilər Əfqanıstanın Karte-i Çar bölgəsində bir içki satılan mağazaya təşkil olunan əməliyyatda ələ keçirilib.
Bildirilib ki, içkiləri satan 3 nəfər saxlanılıb: "Spirtli içkilər haramdır və müsəlmanlar bundan çəkinməlidir", - deyə qeyd olunub.
Taliban içkinin çaya tökülməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşıb.
2021-ci ilin avqustun 15-də Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra, ölkədə narkotik aludəçilərinin də toplandığı məkanlar daxil olmaqla, içki istehsal edən və satan məkanlara əməliyyatlar təşkil olunub.
Saxlanılan narkotik və spirtli içki aludəçiləri zorla müalicə müəssisələrinə yerləşdiriliblər.