Əfqanıstanda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirən Taliban silahlıları Qazaxıstandakı gərginlikdən narahat olduqlarını bildiriblər.
Bu barədə Talibanın legitim hesab edilməyən Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Taliban baş verənlərdən narahatdır və tərəfləri dialoqa çağırır.
"Biz yaxın qonşumuzda baş verən qarşıdurmalardan narahatıq. Biz Qazaxıstan hökuməti ilə xalqını dialoqa getməyə, ölkədə sabitliyi bərpa etməyə çağırırıq. İslam Əmirliyi hesab edir ki, sabitlik regionun təhlükəsizliyi, iqtisadi inkişafı üçün vacib amildir", - deyə Talibanın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin Qazaxıstana girməsi də sabitlik yaratmayıb.
Yanvarın 6-dan etibarən ölkədən informasiya çıxışının qarşısı alınsa da, son azsaylı məlumatlara görə, nə hökumət, nə də KTMT-nin hərbi kontingenti aksiyaların qarşısını tam ala bilməyib.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.
Ancaq başqa məlumatlara görə, həm paytaxt Almatıda, həm də ölkənin digər bölgələrində aksiyalar davam edir. Qazaxıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə yanvarın əvvəlində başlayan aksiyalarda 3 mindən çox insan saxlanılıb, 26 aksiyaçı öldürülüb, daha 18 nəfər yaralanıb.