3 Yanvar 2022
Mətni dəyiş
Avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban cansız manekenlərin başlarının ölkə mağazalarının vitrinlərində nümayişini qadağan edib.
Taliban hökumətinin Yaxşılığı Əmr və Pislikdən Çəkindirmə Nazirliyinin gətirdiyi yeni təlimatların bir hissəsi olaraq, mağaza vitrinlərində cansız qadın maneken başlarının nümayişi qadağan edilib.
Yeni qərarla mağazaların vitrinlərindəki cansız qadın modellərin başları ya örtülməli, ya da baş qismləri manekenlərdən ayrılmalıdır.
Sputnikdə yer alan xəbərə görə, qadınların sosial və ictimai həyatdan təcrid edilməsi istiqamətində atılan yeni addım kimi şərh edilən bu qadağa cansız manekenlərdə qadın üzlərinin görülməsinin "şəriətə uyğun gəlməməsi" ilə əsaslandırılıb.
Talibanın qadınlara tətbiq etdiyi qadağalar paytaxt Kabil başda olmaqla bir çox böyük şəhərlərdə etirazlara səbəb olub. Yüzlərlə qadının gender ayrı-seçkiliyinə qarşı küçələrə çıxdığı nümayişlərə şiddətlə müdaxilə edilib və nümayişçilərə atəş açılıb.
Avqust ayında Taliban Kabili ələ keçirdikdən sonra diqqət çəkən ilk dəyişikliklərdən biri paytaxtdakı mağazalardakı reklam afişalarından qadınların üzlərinin silinməsi və ya qaralanması olub.
Cansız qadın maneken başlarına qadağa taksi sürücülərinə qadınları kişi müşayiəti olmadan 70 kilometrdən çox məsafəyə aparmalarına qadağa qoyulmasından dərhal sonra gəlib.
Taliban hökumətinin nəzarətində olan dövlət kanallarında qadınlarla birlikdə yayımların edilməsinə də qadağa qoyulub.