Quldurların və terrorçuların axtarışı və saxlanılması və ciddi məsuliyyətə cəlb edilməsi ilə məşğul olacaq müxtəlif idarələrin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb. Bu barədə yanvarın 7-də Qazaxıstan prezidenti Kasım Jomart Tokayev əhaliyə müraciətində bildirib.
O, hüquq-mühafizə orqanlarının və ordunun özünü yaxşı tərəfdən göstərmədiyini etiraf edib. "Məlum olub ki, xüsusi təyinatlı qüvvə, xüsusi vasitə və avadanlıq çatışmazlığı var. Bu məsələlərin həlli ilə təcili qaydada məşğul olacağıq.
Dövlətin yatan döyüşçü hücrələrinin gizlicə terror aktları hazırlamasını niyə diqqətdən qaçırdığını anlamaq həddindən artıq vacibdir.
Onların aksiyaları, demək olar ki, bütün bölgələrdə hərbi, inzibati və sosial obyektlərə dəqiq hücum planının mövcudluğunu, hərəkətlərin yaxşı əlaqələndirildiyini, yüksək döyüş hazırlığını və hədsiz amansızlığı nümayiş etdirib.
Döyüşçülərlə yanaşı, ideoloji diversiya məşqi keçmiş, dezinformasiya və ya "feyklərdən" məharətlə istifadə edən, insanların əhval-ruhiyyəsini manipulyasiya etmək iqtidarında olan mütəxəssislər fəaliyyət göstərirdilər.
Görünür, onların hazırlanması və onlara rəhbərliklə vahid komanda məntəqəsi məşğul olub. MTK və Baş Prokurorluq bunu araşdırmağa başlayıb", deyə Tokayev bildirib.
Daha sonra o qeyd edib ki, İnternet əlaqəsi tədricən qoşulacaq. Amma o, "təxribat xarakterli materiallar" dərc etməmək barədə xəbərdarlıq edib.
"Antiterror əməliyyatı davam edir. Döyüşçülər tərksilah olmayıblar, cinayətlər törətməyə və ya cinayətlərə hazırlaşmağa davam edirlər. Onlarla mübarizəni sona qədər aparmaq lazımdır. Təslim olmayan məhv ediləcək", deyə o, sözünə davam edib.
Eyni zamanda, o bildirib ki, dinc formada dilə gətirilən bütün tələblər eşidilib. Dialoq nəticəsində kompromis əldə edilib, köhnə sosial-iqtisadi problemlərin həlli yolları işlənib hazırlanıb.