15 Yanvar 2022
Mətni dəyiş
2014-cü ilin oktyabrında Diyarbəkirdə toqquşmalar zamanı atışma baş verəndə video-jurnalist Rojhat Doğru hadisə yerində olub.
Çox yaxın olduğu üçün güllə yarası alan Doğu xəstəxanaya aparılıb və orada müalicə olunarkən çəkdiyi kadrları İraqda yerləşən Qali Kürdüstan televiziyasına göndərib.
Bu reportaj Doğruya mükafat qazandırsa da, qarşıdurmadan yeddi il sonra video-jurnalisti ömürlük həbs cəzası gözləyir.
Keçən həftə Diyarbəkir məhkəməsi Doğrunu “dövlətin birliyini və bütövlüyünü pozmaqda” təqsirli bilib. Məhkəmə daha sonra onu “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə 10 il 10 ay, “terror təşkilatını təbliğinə görə” isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Hökm mətbuat azadlığı müdafiəçilərinin hiddətinə səbəb olub.
“Bu, son vaxtlar gördüyüm ən ağır cəzadır. Nə qətl, nə bomba partlayışı olub. bu, sadəcə hadisənin işıqlandırılmasıdır” - deyə, Türkiyə Media və Hüquq Araşdırmaları Dərnəyinin (MLSA) icraçı direktoru Veysel Ök Amerikanın Səsinə bildirib.
Bir kürd jurnalist olaraq Doğru 2014-cü ildə Kobani etirazları kimi tanınan görüntülər də daxil olmaqla, Qali Kürdüstan televiziyası üçün Diyarbəkirdə və bölgədə baş verən hadisələri işıqlandırıb. Həmin kadrlar ona Cənub-Şərqi Jurnalistlər Assosiasiyasının mükafatını qazandırıb.
Həmin il kürd tərəfdarı qruplar Ankaranın qonşu Suriyanın Kobani şəhərində İslam Dövləti yaraqlıları tərəfindən mühasirəyə alınan kürdlərə yardım etmək istəmədiyini iddia edərək, etirazlara başlayıb.
Kürd İslamçı yaraqlı qruplaşmasının qolu olan Azad İş Partiyasının tərəfdarları ilə ABŞ və Türkiyənin terrorçu təşkilat elan etdiyi PKK tərəfdarları arasında qarşıdurma başladığı və etiraz aksiyası zorakılığa çevrildiyi üçün hadisə yerinə polis gəlib.
Rəsmi məlumatlara görə, ölənlərin sayı 37 nəfər olub. Məhkəmə işindəki ittihamnamədə yüzlərlə yaralının olduğu, eləcə də məktəb və ictimai binalara ziyan dəydiyi, 1700-dən çox ev və idarənin qarət edildiyi bildirilib.
Türkiyə hökuməti etirazları qızışdırmaqda Xalq Demokrat Partiyasını (HDP) ittiham edib. Partiyanın keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ da daxil olmaqla, etirazlara görə 100-dən çox insan mühakimə olunub.
Xalq Demokrat Partiyası ona qarşı irəli sürülən ittihamları rədd edib.