3 Yanvar 2022
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Əfqanıstanda 2005-ci ildən bəri dünyada ən çox uşaq ölümünün baş verdiyini açıqlayıb.
UNİCEF-in verdiyi açıqlamada Əfqanıstanda son 16 ildə baş verən zorakılıqlar nəticəsində həyatını itirən və yaralanan uşaqların sayının 28 min 500 olduğu qeyd edilib. Açıqlamada bu rəqəmin dünyada uşaq ölümlərinin 27 faizini təşkil etdiyi və beləliklə, Əfqanıstanın 2005-ci ildən bəri ən çox uşaq ölümünün yaşandığı ölkə olduğu bildirilib.
Bəyanatda bütün dünyada, xüsusilə Əfqanıstanda uşaqların zorakılıqdan qorunması üçün hər cür səy göstərilməli olduğu vurğulanıb. 2021-ci ilin ilk altı ayında ölkədə 460-dan çox uşaq müharibə və zorakılıqda həyatını itirib, yüzlərlə uşaq isə yaralanıb.
On illərdir davam edən müharibədən ən çox qadın və uşaqlar zərər görüb
Açıqlamada silahlı qarşıdurmalar və müharibədən qalan sursatların partlaması nəticəsində uşaq ölümlərinin davam etməsi ilə bağlı narahatlıqların olduğu bildirilib. Əfqanıstanda 40 ilə yaxındır davam edən münaqişədən ən çox qadınlar və uşaqlar zərər çəkib.
Digər tərəfdən, UNİCEF-in 20 noyabr tarixində verdiyi açıqlamada ölkədəki 14 milyon əfqan uşağın aclıqdan ölmə riski ilə üzləşdiyi, onlardan bir milyonunun isə ölüm riski olduğu xəbərdarlığı edilib.