7 Yanvar 2022
Mətni dəyiş
“Ötən il dünyada 55 jurnalist və media işçisi qətlə yetirilib. Əvvəlki illərlə müqayisədə bu rəqəm aşağı düşsə də, jurnalistlər hələ də böyük risklərlə üzləşirlər. Onlara qarşı törədilmiş bir çox cinayətin üstü açılmamış qalır”.
Bu barədə YUNESKO-nun (UNESCO) baş direktoru Odre Azule açıqlama verib.
O bildirib ki, pandemiya və iqtisadi təlatümlər dövründə dünyanın müstəqil və doğru informasiyalara hər zamankından daha çox ehtiyacı var: “Bu baxımdan jurnalistlərin təhlükəsiz şəkildə çalışaraq məlumatları ötürməsinə imkan yaratmaq lazımdır. Mətbuat mənsublarına qarşı törədilən cinayətlərin çoxu müəyyən qanun pozuntularının ifşası ilə bağlı olan materialların dərci və ya hazırlanması ilə əlaqədardır”.
Baş direktor deyib ki, YUNESKO-nun hesablamalarına görə, ötən il baş verən 55 jurnalist ölümündən üçdə ikisi silahlı münaqişənin olmadığı ölkələrdə baş verib.
Qətllər daha çox Asiya -Sakit okeanı regionunda (23), Latın Amerikası və Karib hövzəsi ölkələrində (14) olub.
Azule qeyd edib ki, qadın jurnalistlər internetdə şokedici təqiblərlə üzləşirlər:
“Təşkilatın ötən ilin aprelində qadın jurnalistlər arasında apardığı sorğuda onların təxminən dörddə üçünün onlayn təzyiqlərlə üzləşdiyi məlum olub. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetirilib”.
2006-cı ildən bu yana jurnalistlərə qarşı törədilən cinayətlərin 87 faizinin üstü açılmamış qalır.
BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planının icrasının əlaqələndirilməsi YUNESKO-ya həvalə edilib.
2022-ci ildə bu planın qəbulundan on il keçir.
2021-ci ildə fəaliyyətini yerinə yetirərkən həyatını itirənlər arasında Azərbaycandan da iki jurnalist var.
Onlar 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovdur.