Gələn il üçün yaşayış minimumu 246 manat təklif olunur

Gələn il üçün yaşayış minimumu 246 manat təklif olunur
18 Noyabr 2022
Mətni dəyiş

"Bütün göstəricilərə tamamilə yenidən baxılmalıdır və mütləq əhalidən nəyi minimal hesab etdikləri soruşulmalıdır” 


“2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisin noyabrın 18-də keçirilən iclasında birinci oxunuşdan keçib.

Qanun layihəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Yaşayış minimumu istehlak səbətinə uyğun müəyyən edilir. 

İqtisadçı-ekspert Toğrul Vəliyev deyir ki, qanunvericiliyə görə istehlak səbətinə hər 3 ildən bir yenidən baxılmalıdır, amma sonuncu  dəfə bu, 2014-cü ildə təsdiq olunub:

“O zamandan bəri 8 il keçməsinə baxmayaraq, bir dəfə də dəyişdirilməyib. Eyni zamanda, Dövlət Statistika Komitəsi təxmini hesabla əmək qabiliyyətli əhali üçün minimal göstəricini açıqlayıb. Məsələn, əmək qabiliyyətli insana il ərzində 48 kilo ətin lazım olduğu deyilirsə, istehlak səbətində bu, 36 kilo göstərilib. Və yaxud il ərzində 8-9 kilo balıq qeyd edilsə də, normalda bu, 18 kilo olmalıdır. Ona görə də bizdə istehlak səbəti minimaldan da minimaldır”.

İqtisadçı deyir ki, yaşayış minimumunun real məbləğ olması üçün əvvəlcə istehlak səbətinə yenidən baxılmalı və dəyişdirilməlidir:

“İstehlak səbətinin strukturu da anlaşılmazdır. Çünki bir çox ölkələrdə istehlak səbəti əhalinin minimal tələblərinə uyğun olaraq tərtib edilir. Bu, bəzən sorğular vasitəsilə müəyyənləşdirilir. Yəni, əhali minimal hesab etdiyini özü seçir. Məsələn, qanun layihəsində hər ailə üçün gündəlik 1 saat internet nəzərdə tutulub. İnanmıram ki, əhali gündəlik 1 saat internetin minimal ehtiyacları tamamilə ödədiyini düşünür. Yəni, bütün göstəricilərə tamamilə yenidən baxılmalıdır və mütləq əhalidən nəyi minimal hesab etdikləri soruşulmalıdır”. 

İqtisadçı əlavə edir ki, yaşayış minimumu barədə vahid qanun olmalıdır və onun təyinetmə üsulları göstərilməlidir, hər il də indeksləşdirilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun