Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir

Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir İllustrasiya: AbzasMedia
6 Dekabr 2022
Mətni dəyiş

Ağdam: bir daş altda, bir daş üstdə

"Ruhlar şəhəri" adlandırılan Ağdamın indi hər köşə-bucağından tikinti səsi gəlir. Fəhlələr şəhəri canlandırmaq üçün qollarını çirmələyiblər. 

Dekabrın sonunda Ağdamda 1 nömrəli orta məktəbin tikintisi başa çatacaq. Lakin növbəti tədris ilində bu təhsil ocağının  dəhlizlərinin 960 şagirdin səs-küyünə şahid olacağı böyük sual altındadır. Səbəb sadədir: məktəb binası hazır olsa da, şəhər və sakinləri hələ yoxdur.

Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bu ilin oktyabrında mətbuata açıqlamasında bildirib ki, Ağdamın cəmi 18 faiz ərazisi minalardan təmizlənib.

Ərazilər minalardan təmizləndikcə orada tikinti işləri başlayır. Rayonda tikinti işlərinin aparılmasına şirkətlərin hansı yollar və üsullarla cəlb edildiyi isə açıqlanmır. Elə haqqında söhbət açdığımız Ağdam şəhər 1 nömrəli orta məktəbin tikintisini götürək. Tikinti işlərinin sifarişçisi Elm və Təhsil Nazirliyidir. Nazirlik “Uni Ko” QSC ilə müqaviləni satınalma müsabiqəsi keçirmədən bağlayıb. 2,32 hektar sahədə söküntü, qazıntı, inşaat, tamamlama üçün şirkətə nə qədər vəsait ödənildiyi ilə bağlı sorğuya nə nazirlik, nə də “Uni Ko” QSC rəsmiləri cavab verib. 

Üçmərtəbəli və üç blokdan ibarət məktəbin layihəsinin hazırlanması isə heç də rahat ərsəyə gəlməyib. Elm və Təhsil Nazirliyi bu məqsədlə 3 dəfə tender keçirib. 2021-ci ilin iyun və oktyabr aylarında təşkil olunan iki tender İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubları əsasında ləğv edilib. Bu prosesdə maraqlı olan məqamlardan biri budur ki, sayca ikinci və üçüncü tenderlərdə qalib elan olunan şirkətlərin - “Archico” MMC və “PBA” Qapalı Səhmdar Cəmiyyətinin təklifləri arasında cəmi 60 manat qiymət fərqi olub. Bu layihə sənədlərinin bir-birindən nə ilə fərqləndiyi indi yalnız layihəçilərə, bir də Müsabiqə Komissiyasının üzvlərinə malumdur. Yekunda 197 min manat məbləğində müqavilə 2021-ci ilin dekabr ayında “PBA” QSC ilə imzalanıb. “PBA” QSC-nin direktoru Mircəfər Cəfərov həm də “Uni Ko” QSC-nin direktorunun müavinidir. “Uni Ko” QSC internet saytında “PBA” QSC-ni özünün törəmə müəssisəsi kimi təqdim edir. Yəni məktəbin layihəsini hazırlayan və onu tikən şirkətlər əslində bir çətirin altındadır.

Tikinti şirkətlərinin seçimi başlamayıb, amma Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tikinti işlərinin birinci mərhələsinin sona çatmasının dəqiq tarixini artıq elan edib: 2024-cü ilin aprel ayının 10-u.

“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun tərtib etdiyi şəhərsalma əsaslandırmasına görə, birinci mərhələdə Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində toplam 1220 fərdi ev, eləcə də çoxsaylı sosial obyektlərin inşası nəzərdə tutulur. Ümumiyyətlə isə hədəf bu 3 kənddə 10 mindən çox şəxsi birləşdirən 2 564 ailəni məskunlaşdırmaqdır. 

Emin Hüseynov Ağdamda inşa edilən 6 yaşayış binasından ibarət kompleksdə binalardan birinin bu ilin sonunda yekunlaşacağını bəyan edib. Bu yaşayış kompleksi “PMD Group” MMC-yə məxsusdur. Bu şirkət "Paşa Holding"in struktur bölməsinə daxildir. "Paşa Holding" isə prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur. 

Yaşayış kompleksi üçün Ağdam şəhərində 1,55 hektar torpaq sahəsi ayrılıb. İnşaat işlərini “PMD Projects” MMC icra edir. 209 mənzildən ibarət bu kompleksin tikintisini 2023-cü ilin sonunda başa çatdırmaq nəzərdə tutulur. Gələn il isə şirkət daha 4 yaşayış evinin tikintisinə başlamağı planlaşdırır. 

“PMD Projects” şirkəti bu yaşayış kompleksinin tikintisinə icazələrin verilməsi və torpaq sahəsinin ayrılması barədə, eləcə də mənzillərin satışını hansı qaydada təşkil etmək planları haqda sorğulara cavab verməyib. 

Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus olan bu qrup Ağdam şəhərində  yaşayış evləri kompleksindən başqa həm də iki mehmanxananın: 110 nömrəlik “Park Forest Hotel Agdam” və 130 yerlik “City Hotel Agdam”ın tikintisinə başlayıb.

“Azərenerji” ASC 2021-ci ildə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi, “Xındırıstan” və “Ağdam” yarımstansiyaları arasında 110 kV-luk ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi üçün 3 tender təşkil edib. Dövlət qurumu qalib şirkətlərlə müqavilələr imzalayıb, bu haqda bildirişlər dərc edib, amma dəyəri ən azı 3 milyon ABŞ dolları olan bu müqavilələr üzrə “Electro İndustries” QSC və “Azconstruction” QSC-yə nə qədər vəsait ödəyəcəyini gizli saxlayıb. “Azərenerji”-nin Müsabiqə Komissiyasından AbzasMedia-ya bildiriblər ki, bu metod üzrə satınalmaların nəticəsinə görə bağlanan müqavilənin dəyərini elan etmək qanunverilicikdə nəzərdə tutulmayıb. 

Ötən araşdırmalarımızda “Electro İndustries” QSC və “Azconstruction” QSC-nin "Azərenerji"-nin rəhbəri Balababa Rzayevin ailə şirkətləri ilə bağlı olduğunu üzə çıxarmışdıq. 

Ağdam şəhərindəki Cümə Məscidində təmir-bərpa işlərini Heydər Əliyev Fondu aparır. Prosesə  ixtisaslı Avstriya şirkəti də cəlb olunub. Elə bu təmir işlərinin aparılmasında da şəffaflıq yoxdur.

Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsini İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti hazırlayıb. İtalyan şirkətinin necə seçildiyi isə məlum deyil. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondundan ayrılması nəzərdə tutulur. Bunun üçün nə qədər vəsait ayrılacaq? Fonddan bu suala cavab verəcəklərini vəd etsələr də, sonradan zənglərimiz cavabsız qaldı. 

İqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu deyir ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərə dair planlaşma və layihələndirmələr dar çərçivədə müəyyənləşdirilir, ictimai iştirakçılıq yoxdur.  Əhalinin və icmanın, yerli icra hakimiyyətlərinin rəyi nəzərə alınmır və bu səbəbdən də sistemsizlik var. “Görünür ki, daha çox qərarverənlərin biznes və korporativ maraqları önə çəkilir və biznes layihələr reallaşdırılır”.

Ağdamda fəhlələr nəfəs dərmədən işləyirlər. Bu tikintilər üçün ayrılan pullar isə bir daş altda, bir daş üstdə gizli saxlanılır. 

Araşdırma və vizualizasiya: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun