14 Fevral 2022
Mətni dəyiş
İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano ölkənin Rusiya qazından asılılığını Əlcəzair, Türkmənistan və Azərbaycanın hesabına azaltmağın zəruriliyini bəyan edib.
"İlin əvvəlində Moskva İtaliya üçün Ukrayna üzərindən qaz nəqlini iki dəfə azaldıb. Enerji təhlükəsizliyimiz üçün bu təhlükə təcili tədbirlər tələb edir. Biz ən etibarlı tərəfdaşlarla işləyirik", - Di Stefano ˝La Repubblica˝ qəzetinə bildirib.
Nazir müavininin sözlərinə görə, Əlcəzair də tərəfdaşdır və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Azərbaycan qazının nəql olunduğu mənbələrin şaxələndirilməsi üçün vacibdir. Onun sayəsində əhali üçün qazın bahalaşmasını cilovlamaq mümkün olub.
Di Stefano təsdiqləyib ki, İtaliya TAP-ın gücünü 10 milyard kubmetr qaza çatdırmağı gözləyir.
“Digər perspektivli istiqamət Xəzər dənizində Transxəzər kəməri ilə birləşdirilə bilən Türkmənistandır.
Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malikdir və Avropa gələcəkdə problem yaşamamaq üçün qabaqcadan düşünməlidir.
Fevralın əvvəlində Di Stefano Azərbaycanın energetika naziri Pərviz Şahbazovla telefon danışığı aparıb. Söhbət Azərbaycandan verilən qazın 8 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırılmasından gedirdi.
Xarici işlər nazirinin müavini daha sonra “Avropanın enerji təhlükəsizliyini artırmaq məqsədilə” strateji planda TAP-ın tutumunun iki dəfə artırılmasının məqsədəuyğun olduğunu açıqlayıb.