10 Fevral 2022
Mətni dəyiş
Fevralın 10-da “The Economist Group”un tədqiqat və təhlil bölməsi olan “Economist Intelligence Unit (EIU)” dünyada demokratiyanın vəziyyətinə dair qiymətləndirməsini – “2021-ci il Demokratiya İndeksi”ni yayıb. İndeks 165 müstəqil ölkəni və iki ərazini əhatələyir.
Norveç 9.75 balla dünyada demokratiyaya görə yenə birincidir. Skandinaviya ölkələri ilk altı yerdən beşini tutublar.
İspaniya məhkəmələrin müstəqilliyi üzrə zəif bal yığdığına görə “tam demokratiya”dan “qüsurlu demokratiya” qrupuna düşüb.
Şərqi Avropada hələ də “tam demokratik” ölkə yoxdur. Amma bu regionda üç ölkə “qüsurlu demokratiya” qrupundan “hibrid rejimlər” qrupuna düşüb.
Birləşmiş Ştatlar (26), Çexiya (29) kimi ölkələr qüsurlu demokratiya hesab olunub.
2020-ci ildə dünyanın demokratiya indeksi 5.37 idisə, ötən il 5.28-ə düşüb. Qurum qeyd edir ki, dünya üzrə ortalama qlobal balda bir il öncəylə müqayisədə kəskin azalma yalnız bir dəfə, 2010-cu ildə – qlobal maliyyə böhranından sonra qeydə alınıb.
Azərbaycan indeksdə Rusiya, Orta Asiya ölkələri, Belarus, İran, Əfqanıstanla bir sırada – avtoritar rejimlər qrupunda yer alıb. Ölkənin ümumi balı 2.68-dir, 141-ci pillədədir.
Ölkədə seçki prosesi və plüralizmin vəziyyəti 0.50, hökumətin işləkliyi 2.50, siyasi iştiraklılıq 2.78, siyasi mədəniyyət 5.00, vətəndaş azadlıqları isə 2.65 balla dəyərləndirilib.
Hesabatda deyilir ki, Azərbaycan, Tacikistan və Türkmənistanın balı keçən ildəki kimi qalıb. 2021-ci ildə əhalinin narazılığı güclənib, bu ölkələrin rejimləri isə buna repressiv siyasətlə cavab veriblər. Nəticədə qeyri-demokratik təcrübə, narazılığın istənilən formada boğulması güclənib. Rusiyada isə parlament siyasi plüralizmi və medianın müstəqilliyini daha da məhdudlaşdırıb.
Azərbaycan rəsmiləri bir qayda olaraq, ölkədə demokratiyanın, insan haqlarının durumuyla bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir, onları qərəzli mövqe tutmaqda suçlayır. Hakimiyyət ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.
Ermənistan (89) və Gürcüstan (91) hibrid rejimlər sırasındadır.
Hesabatda Ermənistanın 2020-ci illə müqayisədə balını 0.14 vahid yaxşılaşdırdığı, 5.49 bal yığdığı qeyd edilir. O da vurğulanır ki, 2021-ci ilin vaxtından əvvəl parlament seçkisində baş nazir Nikol Paşinyan və onun Vətəndaş Müqaviləsi partiyasının qələbəsi 2020-ci ildəki geriləmədən, Azərbaycanla müharibədən sonra ölkəyə müəyyən sabitlik gətirib. Bu isə hökumətə demokratik islahat proqramını davam etdirmək imkanı verib.
“Ancaq balın yüksəlməsinə baxmayaraq, Ermənistanda demokratiyanın vəziyyəti sarıdan narahatlıq qalır. Məhkəmələrin müstəqilliyi sual doğurur, müxalifət təcrid edilir”, – qurum bildirir.
2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.