10 Fevral 2022
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Məhkəmənin qərarına əsasən, Hacıyev 2015-ci ilin dekabrında həbs edilərkən yerli məhkəmələr bu qərarı yetərincə əsaslandırmayıb.
Hacıyevin istintaq dövründə həbsdə saxlanması haqda qərarı əsassız sayan Avropa Məhkəməsi bunu Konvensiyanın 5 (azadlıq və toxunulmazlıq) maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirib. "Avropa Məhkəməsi hesab edir ki, bu işdə yerli məhkəmələr ərizəçinin istintaq dövründə həbsdə saxlanmasının zəruriliyini əsaslandırmayıb", – qərarda belə yazılıb.
Avropa Məhkəməsi "Fərhad Əliyev Azərbaycana qarşı", "Zayidov Azərbaycana qarşı" və s. qərarlara istinad edərək həmin işlərdə də yerli məhkəmələrin şəxslər haqqında heç bir əsaslandırma olmadan həbs-qətimkan tədbiri seçməsini yada salıb.
Avropa Məhkəməsi Azərbaycan hökumətinin üzərinə Hacıyevə hüquq pozuntusuna görə mənəvi ziyanın əvəzi kimi 3 min avro, hüquqi xərclərinə görə isə 500 avro təzminat ödənilməsi öhdəliyi qoyub.
2015-ci il dekabrın 5-dən həbsdə olan Cahangir Hacıyev 16 il 6 ay azadlıqdan məhrum edilib. O, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri olub. Hacıyev bankdan milyardlarla vəsaiti özünə yaxın şəxslərə kredit adıyla verərək mənimsəməkdə ittiham edilir.
Hacıyevlə birlikdə yaxın dostu, keçmiş deputat Dünyamin Xəlilov da cinayət məsuliyyətinə cəlb olunub. Onlar özlərini təqsirli bilmirlər.