Ali Məhkəmə Polad Aslanovun cəzasını azaldıb

Ali Məhkəmə Polad Aslanovun cəzasını azaldıb
24 Fevral 2022
Mətni dəyiş
Xeberman.com saytının həbsdə olan rəhbəri, dövlətə xəyanətdə suçlanan Polad Aslanovun cəzası azaldılıb. Ali Məhkəmə fevralın 24-də onun haqqında hökmü dəyişib. Aslanova kəsilən 16 illik azadlıqdan məhrumetmə cəzasının müddəti 13 ilə endirilib. Ali Məhkəmədə öncə dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror iddia edib ki, Aslanova qarşı ittiham təsdiqini tapıb, amma ona cəza təyin ediləndə himayəsində azyaşlı uşağın olması və s. yüngülləşdirici hallar nəzərə alınmayıb. Nəticədə cəza ağır olub. Prokuror cəzanın 13 ilə endirilməsini təklif edib. Aslanov özü isə, ümumiyyətlə, özünün təqsirsiz, dövlətə xəyanət ittihamının isə əsassız olduğunu bildirib. O vurğulayıb ki, sırf jurnalist fəaliyyətinə, DTX əməkdaşlarının korrupsiya əməlləri haqda materiallar yayımladığına görə cəzalandırılıb. "Bugünə qədər də sifarişlə hüquqlarım pozulmaqda davam edir, həbsdə də rahat buraxmırlar. Hörmətli hakimlər, başınızın üstündə "Ədalətli məhkəmə dövlətin sütunudur" yazılıb. Dövlətin sütununu sarsıtmayın, bu işə ədalətlə baxın", - təqsirləndirilən Aslanov deyib. Vəkili Elçin Sadıqov da müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi deyir ki, dövlətə xəyanət ittihamı məhkəmə araşdırması zamanı təsdiqini tapmayıb. Məhkəmədə dindirilən şahidlər istintaqdakı ifadələrdən imtina ediblər. Lakin hakimlər qısa müşavirədən sonra Aslanovun təqsirli hesab edilməsi, cəzasının isə prokurorun, təklif etdiyi kimi, 3 il azaldılması haqda qərar qəbul edib. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını qanunsuz və əsassız sayır. Yaxın vaxtlarda bundan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər. Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. O, İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti əleyhinə istifadə olunması üçün topladığı məlumatları həmin orqanlara ötürməkdə ittiham edilir. Baş redaktor ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən DTX əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun