17 Fevral 2022
Mətni dəyiş
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Heydər Əliyev prospektində yolu bağlayan yük maşınları ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, icazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib. Vurğulandığına görə, əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb: "Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər".
Nazirlikdən əlavə edilib ki, bu istiqamətdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir: "Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub".
Bildirilib ki, sonuncu dəfə 2021-ci il dekabrın 27-də Rəmiş Cəfərov Xidmətin normal iş ahəngini pozub: "Nəticədə xidmət tərəfindən Nərimanov Rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb. Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılmışdır".
Habelə vurğulanıb ki, bu il Rəmiş Cəfərov Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr almayıb:"Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb".
Qeyd edilib ki, Rəmiş Cəfərov beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meylli daşıyıcı olduğundan bu il yanvarın 10-da "R Group Azerbaijan" MMC ABADA üzvlüyündən çıxarılıb:
Bildirildiyinə görə, "İcazə blankları" verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır: "Onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır…".
Hələlik, rəsmi açıqlamaya sözügedən Rəmiş Cəfərov və ya onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərir.
*****
Fevralın 17-də gecə saatlarında dörd yük maşınının sürücüsü Bakıda etiraz aksiyası keçirib.
Verilən məlumata görə, onlar öz maşınları ilə Heydər Əliyev prospektində avtomobillərin hərəkətini qismən bağlayıblar.
Bildirildiyinə görə, TIR-lardan birinin üzərinə bu sözlər yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!".
Məlumatlara görə, fevralın 17-si, səhər saatlarında əraziyə polis qüvvələri cəlb olunub, yolda hərəkət tamamilə açılıb.
Məsələyə sürücülərdən, Daxili İşlər Nazirliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Amma Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, tədbirlər həyata keçirilib, yollar açılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.