9 Fevral 2022
Mətni dəyiş
"Demokratiya 1918" Hərəkatının üzvü Cəlil Zabitov vaxtından əvvəl inzibati həbsdən buraxılıb.
Bu barədə fəalın özü məlumat verib: "Bu ilin yanvarın 31-də saxlandım. Yardımlı Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka həbs olundum. Fevralın 5-də koronavirusla bağlı məndən analiz götürdülər. İki gündən sonra bildirdilər ki, sən COVID-19-a yoluxmusan. Fevralın 7-də məni evə buraxdılar. Həbs 15 gün təxirə salındı. Fevralın 23-də rayon polis şöbəsində olmalıyam".
Bloqerin sözlərinə görə, o, həbs ediləndə sağlam olub: "Məni həbs edəndə sağlam olmuşam. Əslində xəstəxanada yerləşdirilməli idim".
Cəlil Zabitov evdəkiləri də virusa yoluxdura biləcəyindən ehtiyatlanır. Üstəlik, həbsini sifarişli hesab edir: "Rayonda baş verən özbaşınalıqlar barədə sosial şəbəkələrdə məlumatlar yayıram. Birinci dəfə deyil həbs olunuram. Məqsədləri məni susdurmaqdır. Həbsxanada buna etiraz olaraq aclıq elan etmişdim".
Deyilənlərə Daxili İşlər Nazirliyi, Yardımlı Rayon Məhkəməsi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Cəlil Zabitov bundan əvvəl də həbs edilmişdi. Bir dönəm müəllim işləyən C.Zabitov 2020-ci ilin mayında Yardımlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. C.Zabitov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabitov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.