Daxili İşlər Nazirliyi əsas narkotik maddə alverçilərinin saxlanıldığını və onlardan 76 kiloqram narkotik maddənin götürüldüyünü deyir.
Qurum bu barədə fevralın 9-u məlumat yayıb. Məlumatda deyilir ki, bütün ölkə boyunca satış məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda narkotik maddə gətirən 4 nəfərlik qrup ətrafında əməliyyat keçirilib.Onların saxlanılması üzrə əməliyyat Bakının Nərimanov rayonunda keçirilib. Öncə əvvəllər mühakimə olunmuş Nazim Zeynalov saxlanılıb. Onun mənzilində 52 kiloqramdan çox heroin, 10 kiloqramdan çox patı, 2 kiloqramdan çox marixuana, 1 kiloqram tiryək, elektron tərəzi və 450 metadon həbi götürülüb.
Növbəti əməliyyat zamanı narkotik maddə alverçiləri şəbəkəsinin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov saxlanılıblar. Ümumilikdə, həmin şəxslərdən 10 kiloqramdan çox heroin və metamfetamin, 515 ekstazi və metadon həbi, narkotik maddələrin satışı zamanı istifadə olunan elektron tərəzi və bank kartları götürülüb.
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, həmin şəxslər Azərbaycanda narkotik maddələrin əsas tədarükçüləridir və onlar beynəlxalq narkotik maddə alverçiləri şəbəkəsinə daxildir. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Saxlanılan şəxslərin hamısı həbs olunub.