Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Fevralın 9-da hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış edib.
Təqsirləndirilən Cəfər Zalovun vəkili Zibeydə Sadıqova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs 18 il azadlıqdan məhrum edilib. Lakin ona qarşı ittihamları sübut edən heç bir mötəbər dəlil, ciddi fakt yoxdur:
“Cəfər Zalov evinin blokunda həbs olunub. O, tutulan andan müdafiə hüququ pozulub. Ona 7-8 ay ailə üzvlərilə danışmağa belə icazə verilməyib. Adamların fundamental hüquqları da pozulub. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda 30-dan çox vəsatət verdim, heç biri təmin olunmadı. Şəxsin təqsirini sübut eləmək ittiham tərəfinin vəzifəsidir. Bu işdə ittiham tərəfi heç nəyi sübut eləmədi. Biz isə əksini sübut eləmək üçün vəsatətlər verdik, həmin vəsatətləri də məhkəmə təmin eləmədi. Ali Məhkəmənin qərarına görə, məhkəmə vəsatəti rədd edəndə bunu əsaslandırmalıdır. Bizim vəsatətlərimiz rədd olundu, heç bir əsaslandırma da olmadı”.
Cinayət işinin materiallarında iddia edilir ki, Cəfər Zalovun evindən axtarış zamanı silah-sursat tapılıb. Vəkili bildirib ki, Cəfər Zalov iyulun 5-də tutulub, evdə axtarış isə iyulun 6-da aparılıb. Axtarışda onun özünün iştirakı təmin olunmayıb: “Axtarış zamanı guya qadın paltarının içindən F-1 qumbarası tapılıb”.
Müdafiəçi vurğulayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cəfər Zalovun xeyrinə olan şahid ifadələrinin heç birini nəzərə almayıb.
“Kiməsə kirayə ev tapdığına görə bir insana “Bandotdel”də (DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkədə bu adla tanınır – red.) olmazın işgəncələrini vermək, bu qədər zülm eləmək, bu qədər ittiham vermək insanlığa sığmaz. Bu, ədalətsizlikdir”, – Cəfər Zalov özü bildirib.
O, məhkəmədən bəraət istəyib.
Yunis Səfərovgilin işində ümumilikdə 12 nəfər təqsirləndirilən şəxs olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarılıb. Çünki iki nəfər – Ağa Sərxani və Anar Bağırov saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Ağa Sərxaninin həyat yoldaşı, Anar Bağırovun isə bacısı onların hüquqi varisi qismində tanınıb. Onlar bəraət tələb edirlər.
Sevinc Sərxaninin vəkili Zibeydə Sadıqova da çıxışında bəraət istəyib.
“Sevinc xanım deyir ki, Gəncədə nəsə olan kimi Ağa Sərxanini saxlayırdılar. Çünki Ağa ibadətlə məşğul idi. Bu hadisədən sonra yoldaşına deyib ki, istəmir bu işdə də adı hallansın, ona görə Bakıya gedib. Elə Bakıda da öldürülüb. Ağa Sərxani barəsində həbsli axtarış qərarı verildiyi gün də öldürülüb. Mən Bakı Ağır Cinayətlər Məhkəməsində vəsatət verdim ki, Ağa Sərxani öldürüləndə hadisə yerində olmuş əməliyyatçılar dindirilsin. Lakin vəsatət təmin olunmadı. Hesab edirik ki, Ağa Sərxani təqsirsizdir, o, silahlı müqavimət göstərməyib, ona bəraət verilməlidir”, – vəkil bildirib.
Mərhum Anar Bağırovun bacısı Aynur Bağırova da qardaşına bəraət verilməsini tələb edib. O bildirib ki, Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyev bu işin obyektiv aparılmasına imkan vermir: “Bizim hüquqlarımız ilk gündən pozulub. Bakı Ağır Cinayətlər Məhkəməsində bizim çoxsaylı vəsatətlərimizin heç biri təmin olunmadı”.
Aynur Bağırova əlavə edilib ki, qardaşı qətlə yetiriləndə evdə onun yanında olmuş dostunun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar, o da təmin edilməyib.
Təqsirləndirilən Ceyhun Salahovun vəkili də ona bəraət istəyib.
Məhkəmə prosesi fevralın 23-də davam edəcək.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası verilib. Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb. Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir. O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb:
“Əgər biz mütəşəkkil dəstə olsaydıq, evlərdən orada yazıldığı qədər silah-sursat çıxsaydı, Elmar Vəliyevi vurmaq üçün silahı polisdən niyə götürüb qaçırdım? Yaxud da niyə icra hakimiyyətində bu işi görürdüm, elə dəstənin üzvlərindən biri Elmar Vəliyevin getdiyi yerləri, evini müəyyənləşdirərdi, orada eləyərdim. İttihamda yazılanlar cəfəngiyyatdır”.