“Yeniavaz.az” saytının “Facebook” səhifəsində yerləşdirilən “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” başlıqlı materialın şərh bölümündə sosial şəbəkə istifadəçilərinin yazdığı şərhlərə görə prokurorluq inzibati xəta haqqında iş başlamışdı. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin başladığı həmin iş əsasında məhkəmə saytın təsisçisi “Azərmedia” MMC-ni 1500 manat cərimələyib. Bu barədə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov qərar çıxarıb.
Qərara əsasən, “Azərmedia” MMC İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 (internetdə yerləşdirilmiş, yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsilə təqsirli bilinib.
Məhkəmədə “Azərmedia” MMC-nin vəkili Nemət Kərimli hakimdən prokurorluğun başlatdığı işə yazılı şəkildə etiraz vermək üçün vaxt istəyib. Lakin hakim vəkilə vaxt verməkdən imtina edib.
Prokurorluğun nümayəndəsi təmsil etdiyi qurumun mövqeyini müdafiə edərək bildirib ki, “Azərmedia”nın rəhbəri Baş Prokurorluğa dəvət olunsa da, o, “Facebook”dan materialı yığışdırmayıb. Onun sözlərinə görə, halbuki yığışdırmaq öhdəliyi vardı.
Vəkil isə “Azərmedia” MMC-nin rəhbəri Anar Qaraxançallının belə bir öhdəliyi olmadığını vurğulayıb.
Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Həmin qərardan apelyasiya şikayəti veriləcək: “Prokurorluğun rəsmi məlumatı saytın “Facebook” səhifəsinə yerləşdirilib. Buna görə saytı cərimələmək absurddur”.
“Azərmedia”nın baş direktoru Anar Qaraxançallı Tofiq Yaqublu haqqında materiala yazılan şərhlərlə əlaqədar yanvarın 20-də Baş Prokurorluğa çağırılıb. Bu barədə Meydan TV-yə danışan baş direktorun sözlərinə görə, onu qəbul edən Hikmət Verdiyevdən xəbərin özünə hər hansı etirazın olub-olmadığını soruşub:
“Cavab verdi ki, xeyr, onları xəbərə olan yorumlar narahat edir. Dedim ki, sosial şəbəkənin milyonlarla istifadəçisi var, biz başqalarının yazdığına necə cavabdeh ola bilərik? Bu, hüquq anlayışına da ziddir. Sizin məntiqlə interneti, yaxud sosial şəbəkələri qapatmalısınız. Hikmət Verdiyev söylədi ki, xəbəri yayanda belə yorumların olacağını təxmin edirdiniz. Bildirdim ki, sizin məntiqinizlə “Tofiq Yaqublu özünə xəsarət yetirib” başlıqlı xəbəri yayanda da belə şərhlər olacağını düşünürsünüz də? Təəssüf ki, bu suallarıma cavab ala bilmədim”.
Baş direktor əlavə edib ki, sosial şəbəkədə hər hansı informasiyaya başqalarının yazdığı şərhlərə görə media orqanını məhkəməyə vermək çox utancverici hadisədir: “Azərbaycan Şimali Koreyaya istiqamət götürüb, yoxsa Avropaya? Qərar versinlər ki, biz də işimizi bilək”.
“Facebook” səhifəsində bu materialın yayımlanmasına görə materialı yayan Namiq Əliyevə isə Binəqədi Rayon Məhkəməsinin qərarıyla 1 ay inzibati həbs cəzası verilib.