11 Fevral 2022
Mətni dəyiş
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini mətbuat üzərində dövlətin nəzarətini gücləndirən yeni media qanununu ləğv etməyə çağırır.
Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni qanunun tələblərinə görə, əsasən Azərbaycan auditoriyasına işləyən media qurumlarının sahibləri ölkədə daimi yaşayan Azərbaycan vətəndaşları olmalıdırlar. Qanun media qurumu sahibinin ali təhsilli olmasını tələb edir. Əgər media qurumunun xaricdən maliyyələşdiyi, yaxud direktorunun bu tələblərə uyğun gəlmədiyi aşkarlanarsa, onun fəaliyyəti iki aylığa dayandırılır.
CPJ müstəqil azərbaycanlı jurnalistlərin çoxunun xaricdən işlədiyini, yaxud işini sosial mediada yaydığını sənədləşdirib. Bu isə yeni qanunun onların fəaliyyətini hədəfə ala biləcəyi deməkdir.
“Azərbaycanın yeni media qanunu ikibaşlı və ağır tələblərlə doludur, ölkəni əhatələyən azad medianın son istehkamlarını qəsdən hədəfə aldığı görünür”, – CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid deyib.
“Prezident İlham Əliyev bu qanunu təsdiqləməməliydi, indi isə hakimiyyət onun ləğvi üçün işləməli, ondan mətbuat üzvlərinə qarşı istifadə olunmayacağını təmin etməlidir”, – o vurğulayıb.
Dövlət mediası, eləcə də Medianın İnkişafı Agentliyinin (MEDİA şöbə müdiri Natiq Məmmədli yeni qanunun mətbuata hər hansı məhdudiyyət qoymadığını bildirib. Məmmədli məqsədin media qanunvericiliyini təkmilləşdirmək, jurnalistlərin peşəkarlığını artırmaq olduğunu qeyd edib.
BBC Azərbaycancaya müsahibəsində Məmmədli deyib ki, vahid reyestrin yeganə məqsədi statistik məlumat yığmaqdır, reyestrə daxil olmayan jurnalistlər və media qurumları sərbəst şəkildə işlərini davam etdirə biləcəklər.
Media mütəxəssisi Ələsgər Məmmədlinin CPJ-yə dediyinə görə, parlament üzvləri onun və digər müstəqil təmsilçilərin hazırladığı 40 dəyişiklikdən yalnız ikisini qəbul ediblər. Qanun dekabrın 30-da qəbul edilməzdən öncə onlarla qısa konsultasiya aparılıb.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, hakimiyyət qanunun yeni təsnifatına hansı media orqanları və fərdlərinin uyğun gəldiyini açıqlamayıb.
Onun sözlərinə görə, MEDİA rəsmiləri onu şifahi şəkildə əmin ediblər ki, rəsmilər media orqanlarının özlərinin hazırladığı pres-kartları qəbul edəcəklər. Amma bu məsələ qanunun mətninə salınmayıb.
Əliyevin fikrincə, media reyestrindən müstəqil medianı kənarlaşdırmaq üçün istifadə ediləcək, “jurnalistika mümkün qədər dövlət və hökumətyönlü media ilə məhdudlaşdırılacaq”.
CPJ MEDİA-ya, parlamentə, prezident administrasiyasına email göndərdiyini, şərh ala bilmədiyini qeyd edir.