15 Fevral 2022
Mətni dəyiş
Bazar ertəsi Bakının Nərimanov Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a onun doğmaları bildiriblər.
Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan Kərimli yanvarın 25-də saxlanılıb və narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.
O, yanvarın 25-də Vergilər Departamentinin binasından çıxarkən metronun "Nərimanov" stansiyasının yaxınlığında saxlanılıb. Ə.Kərimli həm saxlanma zamanı, həm də polisdə döyülüb.
Doğmalarının sözlərinə görə, fəalı etirafedici ifadəni imzalamadığı təqdirdə işgəncələrlə hədələyiblər.
Məhkəmədə Kərimli bildirib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarda iştiraka görə təqib edirlər.
İstintaq bildirir ki, Kərimlidə 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Fəal narkotik maddələrin onun üzərinə qoyulduğunu deyib. 32 yaşlı Kərimli 10 ildir ki, peşəkar idmanla məşğul olur və zərərli vərdişləri yoxdur.
Müdafiə tərəfi ev dustaqlığına keçirilməkdən imtina ilə bağlı apellyasiya şikayəti verəcək.
2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.
Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal - Mütəllim Orucov və Malik Rzayev də ötən ilin payızında həbs edilib.