18 Fevral 2022
Mətni dəyiş
İctimai fəal Bəxtiyar Hacıyev deputat Cavanşir Feyziyevin təhqir və böhtana görə həbsini tələb edir. O, bu tələblə də xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.
Səbəb isə Facebook sosial şəbəkəsində "Cavanşir Feyziyev" səhifəsində özü də daxil olmaqla, bir sıra ictimai-siyasi xadimlərin, jurnalistlər haqqında yazılan fikirlərdir.
Fevralın 17-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev ictimai fəalın sözügedən iddiasına baxıb.
Məhkəmədə deputat özü iştirak etməyib. Vəkili isə deyib ki, həmin səhifənin Feyziyevə aidiyyəti yoxdur, məhkəmə iddiasına səbəb olan yazını da o yazmayıb.
Sözügedən yazıdan bir neçə gün sonra - fevralın 7-də həmin səhifədən daha bir paylaşım olmuşdu. Həmin paylaşımda Feyziyevin əvvəlki yazıda bir qədər sərt ritorikadan istifadə etdiyinə görə peşman olduğu vurğulanaraq Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciəti əksini tapmışdı. İddia olunurdu ki, deputat bu müraciət vasitəsilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa vermək istəyir. Çünki ondan əvvəl deputatın yazısında adıçəkilən jurnalistlərdən biri - bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlamış, belə bir adamla eyni qurumda təmsil olunmaq istəmədiyini bildirmişdi.
Feyziyevin vəkili məhkəmədə Hacıyevin səhifədə sonradan yayılan bu məsələlərlə bağlı sualına cavab verə bilməyib.
Hakim Azər Tağıyev isə Hacıyevin iddiasını icraata götürüb araşdırmaqdan imtina edib. O bildirib ki, iddianın geri qaytarılma səbəbini yazılı qərardadda izah edəcək.
"Əsaslandırmanı gözləyirəm. Ağlabatan arqument olsa, aradan qaldırıb, yenidən birinci instansiya məhkəməsinə təqdim edəcəm. Əks halda, bu qərardan apellyasiya şikayəti verəcəm. İstənilən halda, proses davam edəcək", – Hacıyev AzadlıqRadiosuna bildirib.
İctimai fəal Bəxtiyar Hacıyev deputat Cavanşir Feyziyevin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzaların ən yüksək həddində cəzalandırılmasını tələb edir.