Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) Azərbaycanla bağlı yeni jurnalist araşdırması yayımlayıb.
Araşdırmada ortaya çıxarılıb ki, İsveçrənin böyüklüyünə görə ikinci bankı "Credit Suisse" onilliklər ərzində bəziləri keçmiş sovet respublikalarından və Balkanlardan olan diktatorlara, insan haqları pozucularına, habelə korrupsiyada və başqa cinayətkar əməllərdə şübhəli sayılanların milyardlarla dollarlıq sərvətini saxlayıb.
Qeyri-kommersiya təşkilatı olan OCCRP-nin fevralın 20-də açıqlanmış hesabatı bankdan nəhəng informasiya sızmasının materiallarına əsaslanır. Credit Suisse rəsmən özünə qarşı ittihamları rədd edib və məlumatları “iddia və ehtimallar” adlandırıb. Bank bildirib ki, informasiyaların bir qismi köhnədir və bəzi sənədlər az qala 70 il bundan əvvələ aiddir. OCCRP bildirib ki, sözügedən sızma İsveçrə bankı ilə bağlı ən böyük sızmadır və bu, 18 min bank hesabının məxfiliyinin pozulması ilə nəticələnib. Təşkilatın məlumatına görə, bu hesablardan bir çoxu 2010-ci illərdə işlək olub. Araşdırmada "Credit Suisse" bankının pik nöqtəsində 100 milyard dollara çatan bank hesabları təhlil edilib. Məqalə müəllifləri iddia edir ki, bunun 8 milyardı rüşvətxor rəsmilərə, diktatorlara və onların ailə üzvlərinə, habelə kriminal fəaliyyətlərdə şübhəli bilinənlərə aiddir.
Bu təhqiqatda "The New York Times", "Le Monde" və "The Guardian" da daxil, dünya boyunca 48 media qurumu iştirak edib. OCCRP aşkar etdiyi hesabların keçmiş sovet respublikalarında və Balkanlarda bir sıra tanınmış şəxslərə bağlı olduğunu bildirir. Bunların arasında Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın da adı var.
Bakı meri Eldar Əzizovun da adı çəkilir
Hesabatda deyilir ki, Naxçıvanın başçısı Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbov qardaşları şübhəli pul köçürmələri ilə 20 milyon dollardan çox pul qazanıblar. “Credit Suisse”, “Barclays" və digər xarici banklarda müxtəlif hesablar açaraq, Rza və Seymur Talıbov qardaşları atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.
Hesabatda Talıbovların başqa bir yaxın adamı – Vaqif Talıbovun, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun, Bakı meri Eldar Əzizovun da adları çəkilir.
Hesabatda habelə Qazaxıstanın keçmiş və indiki prezidentləri ilə bağlı adamların da adları var. Bunlar prezident Kasım-Jomart Tokayevin keçmiş arvadı Nadejda Tokayeva, keçmiş prezidentin qızı Dariqa Nazarbayeva, kürəkəni Timur Kulibayevdir. Araşdırmada Tacikistan, Özbəkistan və Qırğızıstandan olan bəzi məmurlar və onların ailə üzvlərinin də adları çəkilir. "Credit Suisse" bankı hesabatdakı iddiaları qəbul etmədiyini bildirib. Bankın bəyanatında deyilir ki, hesabatda sözü gedən sənədlərin əsasən vaxtı keçib və təhqiqatçılar onlardan natamam, qeyri-dəqiq və ya məqsədli şəklildə istifadə ediblər.