2 Fevral 2022
Mətni dəyiş
Rusiya Monteneqronun “Çərkəz” bazarının keçmiş sahibi Telman İsmayılova siyasi sığınacaq verməsinə cavab olaraq, Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin ölkəyə girişinə qadağa qoyub. Bu barədə TASS yazır.
İş adamı ekstradisiya təcridxanasından buraxılıb. İsmayılov 2021-ci ilin oktyabrında Monteneqrodan siyasi sığınacaq istəyib. Onun həbsi barədə məlumat oktyabrın 1-də yayılıb. “Danas” nəşirinin xəbərinə görə, o, Rusiyanın sorğusu əsasında saxlanılıb.
İsmayılov Rusiya və Monteneqro vətəndaşıdır. Bundan əvvəl o, beynəlxalq axtarışa verilmişdi, Moskvanın Basmannı məhkəməsi onu hələ 2017-ci ildə qiyabi həbs etmişdi. İstintaq Komitəsi İsmayılovu 2016-cı ildə Moskva vilayətində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin qətlinin təşkilində, həmçinin 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında ittiham edir.
2019-cu ilin aprelində İsveçrədə ona qarşı cinayət işi açılıb. Orada Telman İsmayılov üç iqtisadi cinayət, o cümlədən kredit vəsaitləri ilə dələduzluq etməkdə şübhəli bilinir. İsmayılovu 3 ildən 5 ilə qədər həbs gözləyir. İş BM-Bank (keçmiş Moskva Bankı, 100% VTB-yə məxsusdur) nümayəndələrinin Sürix prokurorluğuna təqdim etdiyi bəyanatdan sonra açılıb.