3 Fevral 2022
Mətni dəyiş
İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüz ittihamıyla bağlı məhkəmə istintaqı başlayıb. Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə qapalı keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunan Əsgər Ağazadə özünü təqsirli bilməyib. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, ittihamın əsassız olduğunu, Sənay Yağmura təcavüz etmədiyini bildirib. Təqsirləndirilən şəxs ifadəsində, əksinə, zərərçəkmişin özünü ittiham edib. Əsgər Ağazadə iddia edib ki, azyaşlı Sənay Yağmur özü də, anası Zümrüd Yağmur da spirtli içki qəbul edirdi.
Əsgər Ağazadənin dindirməsi fevralın 9-da keçiriləcək növbəti məhkəmə prosesində davam etdiriləcək.
Zərəçəkmişin nümayəndəsi, yazar Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. Əsgər Ağazadənin məsuliyyətdən yayınmaqdan ötrü yalan danışmaq yolunu tutduğunu deyən yazarın sözlərinə görə, təqsirləndirilən şəxs onun spirtli içki qəbul etməsinin heç vaxt şahidi olmayıb: “Yalan danışır ki, guya mən onlardan dəfələrlə içkili halda çıxmışam. Mən avtomobil idarə edirəm, sərxoş halda necə gedə bilərəm?”
Zümrüd Yağmur vurğulayıb ki, Əsgər Ağazadənin məhkəmədə səsləndirdiyi fikirlər bir-birilə uyğun gəlmir: “Bu da onun yalan danışdığını sübut edir. Sənayın dediklərində isə bircə ziddiyyət tapmaq mümkün deyil”.
Sənay Yağmura qarşı təcavüzə görə cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Bir müddət öncə məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.
Əsgər Ağazadə özünü təqsirli bilmir. Xalası qızı onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaları rədd edir.