Ötən gün axşam saatlarında Xocavənd rayonu ərazisində avtobusun qəzaya düşməsi səbəbindən 21 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, qəza sürücünün avtomobilə nəzarətini itirməsi səbəbindən baş verib. Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb. Səhiyyə Nazirliyi də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.
Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.
"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.
Fevralın 7-si axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədilər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.