Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli təhsil növü hesab olunur,
Ancaq təhsil səviyyəsinin onsuz da yüksək olmadığı Azərbaycanda məktəbdəkənar təhsilin necə təşkil olunması müxtəlif suallar doğurur.
Hökumətin təhsilin bu istiqaməti üzrə də elan etdiyi hədəflərin olmasına baxmayaraq, bu hədəflərə çatılıb-çatılmaması ilə bağlı aydın mənzərə yoxdur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu istiqamətdə atılacaq addımlarla bağlı deyilirdi ki, Məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları hazırlanacaqdır.
AbzasMedia məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu ilə müraciət edib.
Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi sistemində 76-sı idman, 67-si yaradıcılıq profilli olmaqla ümumi 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Sözügedən təhsil müəssisələrində 115.000 nəfərə yaxın şagird, 6.000-ə yaxın pedaqoji heyət məşğul olur.
Yaradıcılıq profilli müəssisələrdə 10 istiqamət, idman profilli müəssisələrdə 29 idman növü üzrə tədris aparılır.
Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələri üçün “İnstrumental ifa”, “Xor”, “Vokal”, “Debat”, “Jurnalistika”, “Təsviri incəsənət”, “Erkən intellektual inkişaf”, “Polimino”, “Bədii qiraət”, “Gənc ixtiraçı” dərnəklərinin, idman profilli məktəbdənkənar təhsil müəssisələri üçün idmanın müxtəlif növləri üzrə nümunəvi tədris plan və proqramları hazırlanmışdır.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, məktəbdənkənar təhsil müəssisələri sovet dönəmilə müqayisədə heç nədir.
Təhsil eksperti Nadir İsrafilov
Onun sözlərinə görə, bunun səbəbi inkişaf yolunun yanlış istiqamətdə görülməsidir.
“Məktəbdənkənar təhsil müəssisələri şagirdlərin dünya görüşünün formalaşmasında, ən başlıca asudə vaxtlarının səmərəli təşkil olunmasında, uşaqların müəyyən peşələrə yiyələnməsində böyük rol oynayır, ancaq son 10 ildə məktəbdənkənar müəssisələr birləşdirildi və sayda azalma baş verdi”.
Onun sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrinin lazımı səviyyədə olduğunu demək olmaz.
Məktəb təkcə təlim müəssisəsi deyil, həm də tərbiyə müəssisəsidir. Bizdə son illər nəyəsə görə bütün diqqətlər onun təlim hissəsinə yönəldilib. Buna görə də tərbiyə işi bir növ kölgədə qalıb. Hansı ki, məktəbin vəzifəsi şəxsiyyət yetişdirməkdir, universitetə uşaq hazırlaşdırmaq yox. Məktəblərin bu tərbiyə işinin əsas komponentlərindən biri də məktəbdənkənar təhsil müəssisələridir ki, bu istiqamətdə də inkişaf güclü deyil”, deyə təhsil eksperti Nadir İsrafilov bildirib.