Aprelin 26-da hələlik kimliyi açıqlanmayan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) inzibati binası qarşısında özünü yandırıb.
Bir neçə saniyə davam edən yanğın daha sonra ətrafdakıların köməyilə söndürülüb. Yanıq xəsarətləri almış şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildirilib ki, reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri alıb. Hadisənin dəqiq səbəbləri bilinməsə də, Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”. Nazirlikdən bildirilib ki, yanğını söndürən zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.