Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
"Formula 1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək.
Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş. "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə "Formula 2" pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.
Ardınca əsas yarış hesab olun "Formula 1"də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, "Formula 1"in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.
"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.
Azərbaycan Qran-prisi
10 iyun
10:00. Azarkeş zonasının qapıları açılır
"Formula-2" 12:35 - 13:20. Sərbəst yürüş
"Formula-1" 15:00 - 16:00. I sərbəst yürüş
"Formula-2" 16:30 - 17:00. Sıralama turu
"Formula-1" 18:00 - 19:00. İkinci sərbəst yürüş
21:00. Azarkeş zonasının qapıları bağlanır.
Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.